Dünyada az sayda ölkə bunu edə bilir: Milli HAVA SOJ üçün geri sayım başlayıb (FOTOLAR)

2026/04/1777556227.jpg
Oxunub: 494     17:37     30 Aprel 2026    
Türkiyənin ən mühüm qabiliyyətlərindən biri olması gözlənilən yerli/milli HAVA SOJ təyyarələrində geri sayım başlayıb. Sınaqların sürətlə davam etdiyi layihə Ankaranın radioelektron mübarizə mövzusundakı ən kritik güclərindən biri olacaq. Dünyada az sayda ölkənin əldə edə bildiyi bu cür texnologiyaları çox vaxt pulla almaq belə mümkün olmur.

Türkiyə müdafiə sənayesi yeni və son dərəcə strateji işlərlə adını duyurmağa davam edəcək. Bu çərçivədə yaxın zamanda tez-tez eşidəcəyimiz imza layihələrdən biri də HAVA SOJ olacaq. Başda ASELSAN və TUSAŞ olmaqla çox sayda yerli şirkətin töhfə verdiyi bu işdə xeyli yol qət edilib.

Yaxın zaman əvvəl həyata keçirilən test uçuşları uğurla tamamlanıb. Bəs HAVA SOJ təyyarələri nə işə yarayır, niyə bu qədər önəmlidir? Türkiyə bu təyyarələr inventara daxil olduqda hansı qabiliyyətlərə sahib olacaq? Bu sualların cavabını və daha çoxunu müdafiə sənayesi tədqiqatçısı Ahmet Alemdar izah edib.

HAVA-SOJ təyyarələri nə işə yarayır?

Alemdar əvvəlcə söz mənası ilə mövzuya başlayır. HAVA SOJ terminindəki SOJ-un “Stand-Off Jammer”, yəni “uzaqdan qarışdırma”, HAVA SOJ-un isə “havadan uzaqdan qarışdırma” mənasına gəldiyini bildirir.

HAVA-SOJ da adından göründüyü kimi, düşmənin müdaxilə edə biləcəyi riskli ərazilərdən uzaqda missiyasını icra edə bilən platformalar üçün istifadə olunur.

Alemdar bu təyyarələrin çox ciddi avadanlıqlara sahib olduğunu və təbii olaraq son dərəcə spesifik rolları üzərinə götürə bildiyini qeyd edir.

O, Türkiyənin daha əvvəl bu dərəcədə qabaqcıl qabiliyyətlərə malik xüsusi missiya təyyarəsinə sahib olmadığını vurğulayır və deyir: “Layihə başladıqdan sonra müxtəlif embarqolar və mürəkkəb proseslər görmüşdük. Lakin günün sonunda xidmətə qəbul edilməyə hazırlaşır. HAVA SOJ-a yalnız bir təyyarə kimi baxmaq lazım deyil. İstifadə olunan sistemlər, proqram təminatları və yerüstü dəstək elementlərinin hamısı ilə bir ekosistemi təmsil edir. Bunları satın ala bilməyiniz çox çətindir. Əgər sizə bütün bu texnologiyaları verəcək bir ölkə tapsanız belə, o zaman da çox, amma çox ciddi büdcələr ayırmağınız lazım olacaq”.


Mülki təyyarələrə çox qabaqcıl sistemlər əlavə edilir

Bu məqamda Alemdar təyyarə ilə bağlı bəzi detalları da paylaşır. Sistem üçün hərbi yük təyyarəsi yerinə “Bombardier Global 6000” tipli mülki biznes təyyarələrinin seçildiyini deyir. Dünyada da ümumilikdə bu şəkildə seçilməsinin səbəbini “Yüksək hündürlüklərə və sürətlərə daha qısa müddətdə çata bilir. Bundan başqa, uzun müddət havada qala bilir” cümlələri ilə xülasə edir.

Lakin bu təyyarələrin transformasiyasının da xeyli çətin olduğunu vurğulayır və davam edir:

“Həm dizayn, həm də təchizatdan ortaya çıxan mühəndislik problemlərini həll etməlisiniz. HAVA SOJ inteqrasiya edilmiş radioelektron mübarizə missiya təyyarəsidir. Yəni həm radioelektron dəstək, həm də radioelektron hücum missiyaları tək bir təyyarədə olacaq.

Radioelektron dəstək missiya avadanlıqları ilə uzaqdan rəqiblərin radar, rabitə kimi sistemlərinin dinlənməsi və izlənməsi təmin ediləcək. Radioelektron hücum missiya avadanlıqları ilə sözügedən rəqib sistemlərinin qarışdırılması və aldadılması mümkün olacaq.

Nəticədə qabiliyyətləri korşaldılmış düşmən hava məkanında dost elementlər təhlükəsiz şəkildə missiya icra edə biləcək. Bütün bunlar digər dost hava hücumundan müdafiə və radioelektron mübarizə kimi elementlərlə birləşdikdə çox önəmli güc multiplikatoruna çevriləcək”.


HAVA SOJ ilə nələr dəyişəcək?

Ahmet Alemdara görə, Türkiyə HAVA SOJ ilə düşmənin gözünü kor, qulaqlarını kar və onu rabitədən məhrum vəziyyətə gətirə biləcək. Alemdar HAVA SOJ-un sülh dövründə çəkindirmə təmin edərkən, müharibə dövründə “oyun dəyişdirən güc” olacağını bildirir və sözlərini belə tamamlayır:

“Ölkəmizin sahib olduğu qabaqcıl radioelektron mübarizə qabiliyyətlərini səmaya daşıması özlüyündə bir qırılma nöqtəsidir. Bunun gələcəkdə İHA SOJ kimi fərqli formalarda da özünü göstərməsi mümkündür. Bu addımlar TSKQ-nin regionda və dünyada nümunə təşkil edəcək doktrinalar ortaya qoymasına zəmin yaradacaq.

Ən əsasda isə bütün bu qabiliyyətlər, quru, dəniz və hava elementlərinin birgə missiya qabiliyyəti “Polad Günbəz” kimi ifadə etdiyimiz strukturun daha da güclənməsi mənasına gələcək.

Son olaraq bunu da unutmamaq lazımdır... Türkiyə dünyada çox az sayda ölkənin edə bildiyi qabiliyyətlərə əvvəlcə özü çatır. Daha sonra bunu dost və qardaş ölkələrlə də paylaşır. HAVA SOJ üçün də Ankaranın qapısının tez-tez döyüləcəyini və bunun önəmli bir güc olacağını düşünürəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVA-SOJ   Türkiyə  


Bizi "telegram"da izləyin