İsrailin silah istehsalçısı “Rafael”in “Volkswagen”in “Osnabrück” zavodunu alacağı iddia edilib

2026/04/1777556004.jpg
Oxunub: 382     17:21     30 Aprel 2026    
İsrailli silah şirkəti “Rafael Advanced Defense Systems”in “Volkswagen”in Almaniyadakı “Osnabrück” zavodunu təhvil almaq üçün danışıqlara başladığı bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyi (DPA) məlumat yayıb.

DPA-nın xəbərinə görə, Xristian Demokrat Birliyi Partiyasının (CDU) Federal Məclis deputatı Bastian Ernst “Rafael” ilə “Volkswagen” arasında konkret danışıqların aparıldığını təsdiqləyib.

Ernst 2025-ci ilə qədər “Rafael”in Almaniya törəməsi olan “Dynamit Nobel Defence” (DND) adlı şirkətdə yüksək səviyyəli rəhbər kimi çalışmışdı. Zavodun təhvil prosesinin “Rafael” adından DND vasitəsilə həyata keçirilməsinin gözlənildiyi bildirilən xəbərə görə, Ernst zavodda xüsusilə hava hücumundan müdafiə sistemi üçün həyata keçiriləcək daşımalar zamanı istifadə olunmaq üçün ağır nəqliyyat vasitələri və buraxılış qurğularının istehsal oluna biləcəyini proqnozlaşdırıb.

Bastian Ernst mümkün təhvilalmanın hər iki tərəf üçün də “qazan-qazan” olacağını bildirib: “İsrailin texnoloji bilik bazası Almaniyaya daşınarkən, İsrail dövlət şirkəti də müharibə təhlükəsindən uzaq, təhlükəsiz istehsal mərkəzinə qovuşmuş olacaq”. Ernst həmçinin bu addımın Osnabrückdəki mövcud işçi qüvvəsinin qorunması baxımından kritik əhəmiyyət daşıdığını qeyd edib.

“Dəmir Günbəz” üçün istehsal planı

Xəbərdə müdafiə sektoru üzrə ekspertlərin və mənbələrin sözügedən obyektdə gələcəkdə tank əleyhinə silahlardan daha çox “Rafael”in hazırladığı hava hücumundan müdafiə sistemi “Dəmir Günbəz” üçün komponentlərin istehsal edilməsinin hədəfləndiyini bildirdiyi qeyd olunub.

Digər tərəfdən, zavoda daha əvvəl maraq göstərən Almaniya silah istehsalçısı “Rheinmetall”in prosesdən çəkildiyi ifadə edilib.

“Volkswagen”in transformasiya planı

Bu arada “Financial Times”ın (FT) martın 25-dəki xəbərində “Volkswagen”in İsrail silah şirkəti “Rafael Advanced Defense Systems” ilə strateji tərəfdaşlıq üçün danışıqlar masasına oturduğu bildirilmişdi.

“Volkswagen”in baş icraçı direktoru (CEO) Oliver Blume də martın 27-də verdiyi açıqlamada şirkətin Osnabrückdəki zavodunu İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi üçün hissələr istehsal etmək məqsədilə transformasiya etmək istiqamətində işlər apardıqlarını təsdiqləmişdi.

Blume qənaət tədbirləri çərçivəsində istehsaldan çıxmağı planlaşdırdıqları Osnabrück zavodunun müdafiə sənayesinə transformasiya edilməsinin obyekt üçün “daimi həll” ola biləcəyini bildirmişdi.

“Volkswagen” tərəfindən verilən son açıqlamada isə mövcud istehsalın 2027-ci ildə başa çatacağı obyektlə bağlı “dayanıqlı perspektivlərin” dəyərləndirildiyi və müxtəlif bazar iştirakçıları ilə təmasların davam etdiyi ifadə edilmişdi.

Hökumət və məşğulluq vurğusu

Almaniya hökumət rəsmiləri VW və “Rafael” arasındakı konkret danışıqlar barədə şərh verməkdən yayınsa da, avtomobil sektorundakı transformasiyanı yaxından izlədiklərini bildirmişdilər. Verilən açıqlamada “Almaniyadakı məşğulluğu təmin edəcək hər cür təşəbbüsü məmnuniyyətlə qarşılayırıq” deyilərək layihəyə “yaşıl işıq” yandırılmışdı.

Təxminən 2300 nəfərin çalışdığı “Osnabrück” obyekti hazırda “Porsche”nin “Cayman” və “Boxster” modelləri ilə “T-Roc Cabriolet” istehsalını həyata keçirir.

Müdafiə sənayesinə keçid planı Avropanın yenidən silahlanma prosesində olduğu bir dövrdə minik avtomobili bölməsindəki itkiləri kompensasiya etmək və məşğulluğu qorumaq strategiyasının kritik bir hissəsi kimi qiymətləndirilir.

Müzakirələr və etirazlar

“Volkswagen”in İkinci Dünya müharibəsi dövründə nasist rejimi üçün hərbi nəqliyyat vasitələri istehsal etməsi və məcburi işçi işlətməsi zavodun yenidən hərbi istehsala keçməsini tarixi baxımdan mübahisəli edir. İsrailin Qəzzadakı hərbi əməliyyatları səbəbindən bu obyekt üzərindən həyata keçiriləcək əməkdaşlıq Almaniyada həm siyasi, həm də hüquqi “etik sınaq” kimi görülür.

Digər tərəfdən, Osnabrückdəki zavodun qarşısında toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri və müharibə əleyhdarı qruplar “avtomobil zavodunun silah zavoduna çevrilməsini” protesto edərək layihənin dayandırılmasına çağırış etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Rafael   Volkswagen   Osnabrück  


Bizi "telegram"da izləyin