Filippinin yeni döyüş gəmisi GÖKDENİZ ilə təlimdə

2026/04/fgdfg-1777553269.jpg
Oxunub: 423     16:49     30 Aprel 2026    
Filippin Hərbi Dəniz Qüvvələrinə məxsus BRP “Miguel Malvar” gəmisində yerləşən GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi “Balikatan 41-2026” təlimində ön plana çıxıb.

Ordu.az xəbər verir ki, Filippin Silahlı Qüvvələri ABŞ, Yaponiya, Avstraliya və Kanada qüvvələri ilə birlikdə Qərbi Filippin dənizində genişmiqyaslı dəniz təliminə başlayıb.

“Balikatan 41-2026” təlimi çərçivəsində keçirilən Çoxmillətli Dəniz Tədbiri (MME) 2026-cı il aprelin 20-dən mayın 1-nə qədər müttəfiqlərin əməliyyat qabiliyyətlərini sınaqdan keçirir.

Təlimə Filippin tərəfindən inventarın ən müasir gəmiləri olan BRP “Miguel Malvar” (FFG6) və BRP “Antonio Luna” (FFG15) freqatları ilə yanaşı AW159 və AW109 helikopterləri qatılıb. ABŞ USS “Ashland” və USCGC “Midgett” ilə iştirak edərkən, Yaponiya JS “Ikazuchi”, JS “Shimokita” və JS “Ise” gəmiləri ilə dəstək verib. Avstraliya HMAS “Toowoomba”, Kanada isə HMCS “Charlottetown” və MV “Asterix” gəmiləri ilə təlimdə yer alıb.

Təlimə GÖKDENİZ damğa vurub

“ABS-CBS News”un məlumatına görə, təlimin ən diqqətçəkən mərhələsi olan İnteqrə edilmiş Hava və Raketdən Müdafiə (IAMD) məşqlərində Filippinin ən müasir döyüş gəmilərindən biri olan BRP “Miguel Malvar” ön plana çıxıb. Gəmidə yerləşən GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi dəqiqədə 1100 mərmi atış sürəti və 360 dərəcə dönə bilən qüllə quruluşu ilə hava təhdidlərinə qarşı tam qoruma təmin etdiyini göstərib.

Bu çərçivədə Filippin “Miguel Malvar” sinfinə məxsus freqatlarında GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemini seçmişdi. GÖKDENİZ sistemləri bu sinifə məxsus 2 gəmidə istifadə olunacaq. Daha əvvəl ASELSAN tərəfindən əsas podratçı olan Koreyanın HHI şirkətinə təhvil həyata keçirilmiş və sözügedən sistemlər gəmidə nümayiş etdirilmişdi.

Təlim müddətində müttəfiq qüvvələr sualtı müdafiə müharibəsi (CASEX), hava müdafiə üstünlüyü (ADEX IAMD), top atışları (GUNNEX) və dənizdən təchizat (RAS) kimi yüksək çətinlik səviyyəsinə malik əməliyyat fəaliyyətləri həyata keçirib.

GÖKDENİZ 35 mm qəlpəli (ATOM) sursatdan istifadə edən nöqtə müdafiə sistemidir. Sistem gəmini hədəf alan gəmi əleyhinə raketləri məhv edə bilir. Avtomatik lentsiz sursat qidalanma mexanizmi sayəsində eyni anda həm parçacıq təsirli sursat, həm də klassik yüksək partlayıcı (HEI) sursat yüklənə və hədəf növünə görə seçilə bilər.

GÖKDENİZ stabilləşdirilmiş silah qülləsi ilə təchiz edilib. Atışa nəzarət radarı və elektro-optik sensorları özündə birləşdirən inteqrasiya edilmiş izləmə platforması dəqiq hədəf izləməni təmin edir. Bundan əlavə 3 ölçülü axtarış radarı da seçilə bilər. 35 mm KDC-02 tipli iki lüləli silah sistemi dəqiqədə 1100 atış gücü təmin edir.

GÖKDENİZ gəmi əleyhinə raketlərlə yanaşı helikopterlər, təyyarələr, pilotsuz uçuş aparatları və suüstü vasitələr kimi təhdidlərə qarşı da gəminin müdafiəsini effektiv şəkildə idarə edə bilir. Bu baxımdan GÖKDENİZ beynəlxalq bazarda diqqət çəkir və Filippin kimi müxtəlif ölkələrin Hərbi Dəniz Qüvvələri tərəfindən böyük maraq görür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   GÖKDENİZ  


Bizi "telegram"da izləyin