Ordu.az xəbər verir ki, müasir müharibə sahəsinin çoxölçülü ehtiyaclarına milli mühəndislik həlləri ilə cavab verən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” mayın 5-9-da İstanbul Sərgi Mərkəzində keçiriləcək SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edəcək.
STM sərgidə tək platformalardan kənarda avtonomluq, sürü zəkası və qabaqcıl inteqrasiya qabiliyyətləri ilə dəstəklənən “Çoxölçülü Əməliyyat” (Multi-Domain Operations) yanaşmasını geniş məhsul ailəsi ilə nümayiş etdirəcək.
Avtonom sistemlərdə 6 yeni həll ilk dəfə təqdim olunur
Türkiyə Respublikası Prezident Administrasiyası Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə fəaliyyətini davam etdirən STM SAHA 2026-da avtonom sistemlər sahəsində dərin mühəndislik təcrübəsini əks etdirən altı yeni milli platformanın təqdimatını həyata keçirməyə hazırlaşır. STM-in sərgidə ön plana çıxaracağı milli texnologiyaların başında uzun mənzilli kamikadze Pilotsuz Uçuş Aparatı (PUA) gələcək. Bu sistemə dair ilk sınaq uçuş görüntülərini paylaşan STM komanda mərkəzlərindən hava hücumundan müdafiə və radar elementlərinə qədər kritik hədəfləri avtonom olaraq zərərsizləşdirə biləcək həll ortaya qoymağı hədəfləyir. Sabit qanadlı kamikadze PUA-sı ALPAGU-nun qabaqcıl imkanlarla təchiz edilən, artırılmış mənzil və faydalı yük tutumuna malik yeni versiyası da ilk dəfə SAHA-da olacaq. Hava hücumundan müdafiə konsepsiyasına innovativ yanaşma gətirən və düşmən PUA-larını havada zərərsizləşdirən önləyici PUA sistemi, ani kəşfiyyat və məlumat axını təmin edəcək mini kəşfiyyat-müşahidə sistemi də ilk dəfə ictimaiyyətlə görüşəcək.
“Mavi Vətən”ə iki yeni “insansız əsgər”
STM “Mavi Vətən”in iki yeni “insansız əsgəri”ni də ilk dəfə SAHA-da təqdim edəcək. Dəniz və insansız sistemlər sahəsindəki təcrübəsini birləşdirərək insansız avtonom sualtı platforma ailəsini ortaya qoyan STM strateji missiyalar üçün xüsusi olaraq hazırladığı böyük sinfə məxsus avtonom insansız sualtı platformanı da bu sərgidə nümayiş etdirəcək. STM yüksək sürəti, aşağı silueti və sürü əməliyyatı qabiliyyəti ilə dəniz müharibəsində oyunun qaydalarını dəyişməyə hazırlaşan yeni nəsil kamikadze insansız dəniz platformasını da gün üzünə çıxaracaq.
Sahədə sübut edilmiş texnologiyalar
STM sərgidə yeni təqdimat məhsulları ilə yanaşı, illərlə sahədə özünü uğurla sübut etmiş və operativ dərinliyi ilə önə çıxan həllərini də təqdim edəcək. Taktiki PUA dünyasında fərq yaradan və bu gün dörd fərqli qitədə istifadə olunan Türkiyənin ilk milli kamikadze PUA-sı KARGU, milli müşahidə PUA-sı TOGAN, sursat buraxma qabiliyyətinə malik BOYGA-B, ağıllı sursat sistemi TUNGA, “KarguFPV” və şaquli enmə-qalxma icra edə bilən STM TURUL VTOL sərgi müddətində ziyarətçilərlə görüşəcək.
Milli gəmilərdən ixrac uğurlarına
Türkiyənin hərbi dənizçilikdə lider mühəndislik şirkəti STM “Mavi Vətən”dən beynəlxalq sulara uzanan geniş məhsul çeşidini də iştirakçıların diqqətinə təqdim edəcək. Milli imkanlarla hazırlanan Türkiyənin ilk milli freqatı TCG İSTANBUL, MİLGEM “Ada” sinfinə məxsus korvet, Türkiyənin ilk milli hücum kateri və STM500 sualtı qayığı və sahil mühafizə gəmiləri ilə yanaşı; Portuqaliya üçün hazırlanan Logistika Dəstək Gəmisi, Pakistan Dənizdə Təchizat Tankeri, Malayziya korveti (LMS-Batch-II), Çoxməqsədli Dəstək Gəmisi (MRSS) kimi ixrac uğuru qazanmış strateji layihələr sərgilənəcək. Dəniz platformalarındakı yeni nəsil avtonom transformasiyanın nümayəndəsi olan insansız suüstü platforma STM NETA 300 də STM-in texnoloji vizyonunu əks etdirmək üçün stenddə olacaq.
Milli döyüş gəmiləri SAHA-ya enir
STM-nin dizayneri və əsas podratçısı olduğu, 2024-cü ildə Türkiyə donanmasında xidmətə başlayan Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515) və STM-nin kritik rollar üstləndiyi “Reis” sinfinə məxsus sualtı qayıqların ilki olan TCG PİRİREİS (S-330) SAHA 2026 çərçivəsində Ataköy limanı yaxınlığında mövqe tutaraq ziyarətçilərlə görüşəcək.
SAHA çərçivəsində yaradılacaq FPV PUA sahəsində STM-in hazırladığı PUA-ların uçuşları da iştirakçılar tərəfindən izlənə biləcək. STM SAHA-da yeni texnologiya və layihələrin hazırlanması üçün də əməkdaşlıq müqavilələri imzalayacaq.
Milli müdafiənin gələcəyi avtonom sistemlərdə
STM-in baş direktoru Özgür Güleryüz SAHA İSTANBUL-un qurulduğu gündən bəri strateji tərəfdaşlarından biri olduqlarını vurğulayaraq, SAHA Sərgisinin qlobal müdafiə ekosistemində mühüm platformaların başında gəldiyinə diqqət çəkib və bunları qeyd edib:
“Günümüzün asimmetrik müharibə mühitində sürpriz təsiri yaratmağın yolu çoxölçülü (multi-domain) əməliyyat mühitinə yönəlmiş innovativ konsepsiyalar hazırlamaqdan keçir. STM olaraq SAHA 2026-da sürü qabiliyyətlərini, radioelektron mübarizə qabiliyyətini və çoxölçülü hücum sistemlərini bir çətir altında toplayan bütöv bir ‘sistem arxitektoru’ kimliyimizlə yerimizi alırıq. Bu vizyonla yalnız platforma deyil, gələcəyin əməliyyat konsepsiyalarını idarə edən mühəndislik gücü kimi önə çıxırıq. Taktiki səviyyədən strateji səviyyəyə uzanan, hava, dəniz və sualtı sahələri əhatə edən çox təbəqəli avtonom sistemlərimizi ilk dəfə bu platformada dünya vitrininə çıxaracağıq. SAHA 2026 STM-in yaxın gələcəkdəki “insansız- insansız” müharibəsinə etdiyi hərtərəfli hazırlığın və avtonom texnologiyalardakı yerli liderliyinin ən konkret göstəricisi olacaq”.
Sevinc Əliyeva
Ordu.az