TSQ inventarı yerli sistemlərlə güclənir, GÖKBEY təhvili başlayır

2026/04/1777550193.jpg
Oxunub: 520     15:45     30 Aprel 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin yerli və milli müdafiə sənayesi məhsulları ilə gücləndirilməyə davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, açıqlamada Quru Qoşunları Komandanlığının inventarına yeni sistemlərin daxil edildiyi və GÖKBEY helikopterinin ilk təhvilinin həyata keçiriləcəyi bildirilib.

Yeni sistemlər inventara daxil olur

Nazirliyin açıqlamasında Quru Qoşunları Komandanlığı tərəfindən müxtəlif sayda KARAOK tank əleyhinə silah sisteminin yoxlama və qəbul fəaliyyətlərinin tamamlanaraq inventara daxil edildiyi bildirilib.

Eyni çərçivədə, “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) tərəfindən hazırlanmış GÖKBEY ümumi təyinatlı helikopterinin Quru Qoşunları Komandanlığına ilk təhvilinin həyata keçiriləcəyi ifadə edilib.

MKE təhvil və ixrac fəaliyyətləri

“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) tərəfindən həftə ərzində müxtəlif sayda və çapda silah və sursatın təhvilinin tamamlandığı bildirilib.

Bundan əlavə, HAR-66 yüngül tank əleyhinə raketlərinin Malayziyaya ixracı çərçivəsində təhvil prosesinin davam etdiyi qeyd edilib.

MKE-nin aprelin 20-23-ü tarixlərində Malayziyada keçirilən Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransında Malayziyanın dövlət şirkəti “Melaka Corporation” ilə anlaşma memorandumu imzaladığı bildirilib. Sözügedən razılaşmanın birgə istehsal və satış çərçivəsində müdafiə məhsullarının texniki xidmət, təmir və texniki dəstək proseslərini əhatə etdiyi ifadə edilib.

SAHA 2026-da TSQ platformaları sərgilənəcək

Türkiyə Milli Müdafiə Nazirliyi Prezident himayəsində İstanbulda keçiriləcək SAHA 2026 Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində Nazirlik və tabeli qurumlara məxsus məhsulların sərgilənəcəyini açıqlayıb.

Sərgi çərçivəsində Dəniz Qüvvələri Komandanlığına məxsus TCG “Anadolu”, TCG “İstanbul” və TCG “Pirireis” platformalarının da yer alacağı və ictimaiyyətin ziyarətinə açılacağı bildirilib.

Tədbir çərçivəsində nümayişlər keçiriləcək

Açıqlamada həmçinin sərgi müddətində Mehteran Birlik Komandanlığı ilə 1-ci Ordu, Şimal Dəniz Bölgəsi və Hərbi Hava Məktəbi orkestr komandanlıqları tərəfindən konsertlərin icra ediləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Türkiyə   GÖKBEY  


Bizi "telegram"da izləyin