Ordu.az xəbər verir ki, bu barədə yerli sakinlər “Shot” “Telegram” kanalına məlumat veriblər.
Onların sözlərinə görə, şəhərin müxtəlif hissələrində təxminən 10 partlayış baş verib. Partlayış səsləri Nijni Novqorodun qonşuluğunda yerləşən Kstovo şəhərinin cənub və mərkəzi rayonlarında da eşidilib. Vilayət hakimiyyəti hücum barədə məlumatı hələ rəsmi şəkildə şərh etməyib. “Astra” nəşrinin video və fotoşəkillər üzərində apardığı təhlil göstərir ki, Dzerjinskdə pilotsuz uçuş aparatlarının hədəfi Ya. M. Sverdlov adına zavod olub. Zərbədən sonra müəssisənin ərazisindən qalın tüstü sütunu qalxıb.
Dzerjinskdəki Sverdlov adına zavod Rusiyanın partlayıcı maddələr istehsal edən ən böyük müəssisələrindən biridir və 100 ildən artıq tarixə malikdir. O, ölkənin hərbi-sənaye kompleksinin tərkib hissəsidir və strateji əhəmiyyət daşıyır. Zavod “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə dəstək verdiyinə görə” Kiyevin sanksiyalar siyahısına daxil edilib. Müəssisə həmçinin ABŞ-nin, Avropa İttifaqının, Böyük Britaniyanın, Yaponiyanın və İsveçrənin sanksiyalarına məruz qalıb. Ukrayna pilotsuz uçuş aparatları əvvəllər də bu zavodu hədəfə alıb. Xüsusilə, 2024-cü il oktyabrında həyata keçirilən hücum nəticəsində müəssisənin sexlərindən biri zədələnmişdi.
Rusiya Müdafiə Nazirliyinin xülasəsinə görə, ötən gecə ərzində hava hücumundan müdafiə növbətçi vasitələri Rusiyanın müxtəlif vilayətlərinin səmasında Ukraynaya məxsus 189 pilotsuz uçuş aparatını “yaxalayıb və məhv edib”. Xüsusilə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Nijni Novqorod, Rostov, Ryazan, Samara, Saratov, Tula və Ulyanovsk vilayətlərində qeydə alınıb.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın silah istehsalı üçün xammal tədarük edə bilən kimya müəssisələrinə hədəfli zərbələr endirib. Belə ki, aprelin 6-da Voronej vilayətinin Rossoş şəhərindəki “Minudobreniye” zavodu hücuma məruz qalıb, aprelin 4-də isə Samara vilayətinin Tolyatti şəhərindəki iki kimya nəhəngi “Tolyattikauçuk” və “KuybışevAzot” zərbə alıb.
Martın 27-də pilotsuz uçuş aparatları “FosAqro” qrupunun Çerepovets kimya klasterinə daxil olan “Apatit” səhmdar cəmiyyətinə zərbə endirib. Fevralın 25-də Smolensk vilayətindəki “Dorogobuj” zavodu hücuma məruz qalıb, nəticədə yeddi nəfər ölüb. Fevralın 17-də pilotsuz uçuş aparatları Perm diyarındakı “Metafraks Kemikals” zavodunu vurub, fevralın 7-də isə Tver vilayətinin ən böyük kimya müəssisəsi olan Redkino təcrübə zavodu zərbə altında qalıb.
Sevinc Əliyeva
Ordu.az