Avropa yeni nəsil döyüş gəmiləri üçün 4D radar hazırlama proqramını başlatdı

2026/04/1777536406.jpg
Oxunub: 338     12:03     30 Aprel 2026    
“Indra”nın rəhbərliyi ilə Avropanın gələcək döyüş gəmiləri üçün hazırlanacaq yeni nəsil 4D çoxdiapazonlu radar sistemi çərçivəsində 42,5 milyon avro büdcəli SHIMBAD proqramı həyata keçirilib.

Ordu.az xəbər verir ki, layihə hipersəs raketləri, pilotsuz sistemlər və aşağı hündürlük təhdidlərinə qarşı qabaqcıl aşkarlama və izləmə qabiliyyəti təmin etməyi hədəfləyir.

Avropa tərəfindən dəstəklənən çoxmillətli proqram

“Shipborne MultiBand AESA Demonstrator” (SHIMBAD) adlanan proqram Avropa Komissiyası tərəfindən dəstəklənən Avropa Müdafiə Fondu çərçivəsində həyata keçirilir. Ümumi büdcənin 29,4 milyon avroluq hissəsi birbaşa Avropa İttifaqı fondları tərəfindən qarşılanır.

“Indra”nın koordinasiyası ilə həyata keçirilən layihədə çoxmillətli konsorsium yeni radar sisteminin dizayn, istehsal və təsdiqləmə proseslərinə cavabdeh olacaq.

4D AESA radar texnologiyası önə çıxır

Hazırlanacaq sistem eyni anda bir neçə tezlik zolağında işləyə bilən 4D aktiv elektron skanlı anten düzümü, yəni AESA anten arxitekturasına əsaslanacaq.

Bu struktur sayəsində radarın:

Geniş ərazi hava müşahidəsi
Yüksək dəqiqlikli hədəf izləmə
Qabaqcıl radioelektron mübarizəyə davamlılıq kimi qabiliyyətləri tək sistemdə birləşdirməsi hədəflənir.

Tək sistemdə çoxsaylı tapşırıq qabiliyyəti

“Indra” tərəfindən verilən açıqlamada radarın modul və rəqəmsal arxitekturasının aşkarlama, izləmə və nişanalma dəstəyi funksiyalarını inteqrasiya olunmuş şəkildə təqdim edəcəyi bildirilib.

Şirkət rəsmisi Mariya del Mar Pomares hazırlanan sistemin gələcəkdə Avropa döyüş gəmilərinin əsas sensoru olacağını ifadə edib: “Çoxfunksiyalı və çoxdiapazonlu bu sistem hava və suüstü müşahidə, təhdid izləmə və atəş nəzarəti dəstəyini eyni anda təmin edəcək şəkildə dizayn olunur”.

Çətin təhdidlərə qarşı hazırlanır

Yeni radarın xüsusilə:

Hipersəs raketləri
Aşağı hündürlükdə uçan hədəflər
Pilotsuz uçuş aparatları və suüstü vasitələri kimi müasir təhdidlərə qarşı effektivlik təmin etməsi hədəflənir.


Həmçinin sistemin sahil bölgələrində yaranan maneələri azaldaraq kiçik hədəflərin aşkarlanmasını asanlaşdıracağı və eyni anda bir neçə raketi yönləndirmə qabiliyyəti ilə doyma hücumlarına qarşı müdafiə təmin edəcəyi ifadə olunur.

Real əməliyyat mühitində sınaqdan keçiriləcək

SHIMBAD çərçivəsində hazırlanacaq texnologiya nümayişinin real əməliyyat şəraitində sınaqdan keçirilməsi planlaşdırılır. Bu prosesdə əldə ediləcək məlumatların Avropanın gələcək dəniz platformaları üçün istinad mənbəyi olması gözlənilir.

Avropanın texnoloji müstəqilliyi hədəflənir

Proqram yalnız texniki inkişaf layihəsi deyil, eyni zamanda Avropanın müdafiə sahəsində texnoloji müstəqilliyini gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirilir.

İspaniya Hərbi Dəniz Qüvvələri də layihəni dəstəkləyən qurumlar arasında yer alarkən, sistemin gələcəkdə Avropa donanmaları arasında qarşılıqlı işləmə qabiliyyətini artırması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Radar   Indra  


Bizi "telegram"da izləyin