Macar Aİ ilə Macarıstan vəsaitlərinin blokdan çıxarılması üzrə tezliklə razılaşma olacağını bildirib

2026/04/1777485669.jpg
Oxunub: 390     21:53     29 Aprel 2026    
“Macarıstan və Avropa Komissiyası mayın 25-dən sonra Budapeştə Aİ büdcəsindən və xüsusi fondlardan əvvəllər dondurulmuş vəsaitləri almaq imkanı verəcək saziş imzalaya bilər”.

Ordu.az xəbər verir ki, bunu tezliklə ölkənin yeni baş naziri olacaq “Tisa” partiyasının lideri Peter Macar bildirib.

Aprelin 29-da o, Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşüb. Macarın sözlərinə görə, danışıqlar “konstruktiv və səmərəli” keçib. Macar bildirib ki, tərəflər dialoqu mayın sonunda davam etdirmək və yaxın vaxtlarda maliyyələşdirmənin blokdan çıxarılması üçün zəruri olan siyasi razılaşmaya nail olmaq barədə razılığa gəliblər.

O əminlik bildirib ki, Macarıstan tezliklə Aİ vəsaitlərini, o cümlədən Bərpa Fondunun resurslarını alacaq. Bu resurslardan avqustun 31-dək istifadə etmək lazımdır, əks halda onlar yenidən bölüşdürülə bilər.

Macarın sözlərinə görə, yeni hökumət hüququn aliliyi, demokratik institutların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Avropa Komissiyasının tələblərini yerinə yetirməyə hazırdır.

Daha əvvəl bildirilmişdi ki, Macarıstan 35 milyard avroya qədər vəsait almağa iddia edə bilər. Viktor Orbanın gedən hökuməti vəsaitləri Brüsselin siyasi səbəblərlə saxladığını iddia edirdi.

Parlament seçkilərindən sonra “Tisa” partiyası çoxluq əldə edib, Macar isə mayın 9-da yeni parlamentin ilk iclasında baş nazir vəzifəsinə təsdiqlənməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan     Macar  


Bizi "telegram"da izləyin