Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu INSECSPACE-26 Türkiyə Kosmik Agentliyi (TUA), TÜRKSAT, TÜBİTAK UZAY, Telekommunikasiya Peyk və Yayımçılıq İş Adamları Dərnəyi (TUYAD) və MONIN-in əməkdaşlığı ilə keçirilib.
Bu ilki mövzusu “Peyk Sistemlərində Yenilikçi Texnologiyaların Təhlükəsiz İstifadəsi” olan tədbir çərçivəsində “Yenilikçi və İnkişaf Etməkdə Olan Peyk Texnologiyaları və Milli Müdafiədəki Rolları” adlı panel keçirilib.
TÜBİTAK UZAY İnstitutunun direktoru Mehmet Nefes paneldə etdiyi çıxışda TÜBİTAK UZAY-ın Türkiyənin orqanik peyk istehsalçısı olduğunu və öz peyk və kosmik proqramlarını istehsal edib həyata keçirərək Türkiyə kosmik ekosisteminin mərkəzində yer aldığını bildirib.
ABŞ/İsrail-İran müharibəsinin indiyə qədər görülən kosmik müharibələrin “ən mühüm dərsi” olduğunu vurğulayan Nefes belə danışıb:
“Məlumat üçün xarici mənbəli şirkətlərdən asılı olmaq milli təhlükəsizlik və müdafiə problemidir. Yalnız bir əsas yer stansiyasına və ya bir şəbəkəyə sahib olmaq böyük riskdir. Sistemin ehtiyatlandırılması çox mühümdür, hamımız bu müharibə zamanı buna şahid olduq. Milli nəzarət altında geniş yayılmış şəbəkə sağ qalmaq üçün zərurətdir. TÜBİTAK UZAY üçün hələ də davam edən bu müharibə müstəqil kosmik aktivlərin və eyni zamanda güclü infrastrukturun yalnız fiziki deyil, insan kapitalının da çox kritik olduğunu sübut edir”.
“Gücün nəzarət edilməsi lazımdır”
Nefes milli tapşırıq idarəetmə proqramını (T-starGO) hazırlamaqdan qürur duyduqlarını bildirərək bu proqramın peyk sistemləri üçün “milli onurğa” vəzifəsi gördüyünü qeyd edib.
TÜRKSAT-la yanaşı, Türkiyə Silahlı Qüvvələrinin də TÜBİTAK UZAY-ın “T-starGO” platformasından rabitə və görüntüləmə peyklərini idarə etmək üçün istifadə etdiyini vurğulayan Nefes bunları qeyd edib:
“Hazırda platformamızı Ay Missiyasına da uyğunlaşdırmaq üçün inkişaf etdiririk. Bu, çox unikal xüsusiyyətdir, dünyada həm LEO, həm GEO, həm də Ay missiyalarını və kosmik aparatları işlədə bilən nadir qurumlardan biriyik. “T-starGO” platformasını Ay əməliyyatlarını həyata keçirəcək şəkildə uyğunlaşdırarkən eyni zamanda süni zəkanı da sistemə inteqrasiya edirik. Çünki süni zəka peyklərin çox səmərəli şəkildə işlədilməsi üçün mükəmməl optimizasiya təmin edir. Xüsusilə LEO peykləri üçün sürət hər şeydir. Süni zəka peykin faydalı yükündən asılı olaraq görüntüləri yaxşılaşdırmağa və ya bəzi qabiliyyətləri artırmağa həqiqətən kömək edir. Ay missiyasında da imkanımız olduqca məhduddur və çox sürətli hərəkət etməliyik. Kodlar bizim əlimizdədir, təhlükəsizlik bizim əlimizdədir və yeniləmələr bizim nəzarətimizdədir. Həmişə dediyimiz kimi, gücün nəzarət edilməsi lazımdır. Türkiyə olaraq biz bu qabiliyyətə sahibik”.
Milli müdafiə qabiliyyətinin artırılması və davamlılıq vurğusu
TÜRKSAT Peyk Spektri və Əməliyyat direktoru Vəli Yanıkgönül də yeni peyk sistemlərinin yeni imkanlar təmin etdiyini və TÜRKSAT-ın da bu çərçivədə milli müdafiə qabiliyyətini artırmaq üçün işlər apardığını ifadə edib.
Peyk sistemlərinin yüksək büdcələr tələb etdiyinə diqqət çəkən Yanıkgönül TÜRKSAT-ın məhsullarını hazırlayarkən davamlı olmağa da əhəmiyyət verdiyini qeyd edib.
“Türk Havacılık ve Uzay Sanayii”nin (TUSAŞ) Kosmik Sistemlər üzrə baş direktor müavini Onur Tarakçıoğlu da yüksək ayırdetməli elektro-optik peyk sistemləri hazırladıqlarını və tərəfdaşlarla birlikdə hazırlanmış “Göktürk” kimi sistemləri istifadəyə təqdim etdiklərini vurğulayıb.
Müstəqil və milli məhsulların milli müdafiənin gücləndirilməsi üçün həyata keçirildiyinə diqqət çəkən Tarakçıoğlu beynəlxalq bazarlara çıxmağın da maliyyə yükünün üzərinə götürülməsi və davamlılıq baxımından mühüm olduğunu bildirib.
“CTech” Məhsul və ILS direktoru Önder Tatar kosmik çalışmalarda son illərdə böyük dəyişikliklər yaşandığını və yaxın orbit peyk texnologiyasının kosmosda kritik mərhələ olduğunu bildirib.
“RSAT Space”in baş icraçı direktoru (CEO) Gurvinder Çohan da şirkətlərinin müdafiə və milli təhlükəsizlik sahələrində məhsullar istehsal etdiyini və süni zəka texnologiyasının da məhsulların hazırlanması proseslərində istifadə olunduğunu ifadə edib.
Kosmik iqtisadiyyat və kosmosdakı çirklənmə də müzakirə edilib
“Kosmik İqtisadiyyat və Vəziyyət Fərqindəliyi” adlı paneldə çıxış edən Türkiyə Kosmik Agentliyinin (TUA) sədr müavini Fatih Dulkan milli kosmik proqramın məqsədlərinə toxunub.
Kosmik fərqindəliyi artırmaq üçün də işlər apardıqlarını qeyd edən Dulkan XX əsrdə kosmik çalışmaların hökumətlər, XXI əsrdə isə özəl sektor tərəfindən həyata keçirilməyə başladığını bildirib.
Dulkan qlobal kosmik iqtisadiyyatın son illərdə sürətlə böyüdüyünü bildirərək, Beynəlxalq Kosmik Konqresin (IAC) bu il Türkiyədə keçiriləcəyini və bütün dünyadan sahəsində mühüm şəxslərin qəbul ediləcəyini xatırladıb.
“Spacelis”in baş icraçı direktoru (CEO) Gülər Koçak da Günəşdən kosmosda istifadə olunması məqsədilə dayanıqlı və yüngül texnologiyalar hazırladıqlarını bildirib.
“Ad Astra Technology Group”un (“AATG”) baş icraçı direktoru (CEO) Uğur Coşkun isə kosmosdakı çirklənmənin artmasına diqqət çəkərək bunun təsirlərinin azaldılmasına yönəlmiş aparılan işlər barədə məlumat verib.
“TÜBİTAK Uzay”ın elmi tədqiqatçısı Mustafa Helvacı da kosmik sənayenin iqtisadiyyat və təhlükəsizlik ölçülərində yaşaya biləcəyi dəyişikliklərə toxunaraq, 2050-ci ildə sözügedən iqtisadiyyatın çatacağı səviyyənin adi böyümədə 3,7 trilyon, əsas böyümədə 8,9 trilyon, aqressiv böyümədə 20,6 trilyon dollar olmasının gözlənildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az