Türkiyə Aİ-ni və fon der Lyayenin ittifaqın genişlənməsi ilə bağlı bəyanatlarını tənqid edib

2026/04/1777482598.jpg
Oxunub: 385     21:04     29 Aprel 2026    
Türkiyənin hakim “Ədalət və İnkişaf” Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropada Türkiyənin təsirini məhdudlaşdırmaq zərurəti barədə ifadələri Aİ-nin real yanaşmalarını və öz təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını əks etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Çelikin sözlərinə görə, belə bəyanatlar Avropa İttifaqının Türkiyəyə münasibətdə əsl niyyətlərini göstərir. O qeyd edib ki, Ankaranın Aİ-yə üzvlük danışıqları prosesi uzadılır və siyasi motivli meyarlarla müşayiət olunur. Bu isə, onun ifadə etdiyi kimi, Avropanın maarifçilik dövründən deyil, xristian klubu Avropadan xəbər verir.

Çelik eyni zamanda Aİ siyasətinin ziddiyyətliliyini vurğulayaraq onun Rusiya və Ukrayna arasındakı münaqişələrlə, eləcə də Qəzzadakı vəziyyətlə bağlı mövqeyinə işarə edib. O, namizəd ölkələrə münasibətdə ikili standartların ideoloji əsasları barədə sual qaldırıb.

Bundan başqa, “Ədalət və İnkişaf” Partiyasının nümayəndəsi bildirib ki, Avropa İttifaqı hələ də tamhüquqlu strateji gücə çevrilməyib və hətta NATO çərçivəsində öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

Daha əvvəl fon der Lyayen Aİ-nin genişlənməsindən danışarkən bildirmişdi ki, ittifaq Rusiya, Türkiyə və Çinin təsirini istisna etmək üçün bütün Avropa materikini əhatə etməlidir. Bundan sonra Ankara Avropa Komissiyasından izahat tələb edib, Brüsseldə isə bildiriblər ki, Avropa Komissiyası rəhbərinin sözləri kontekstdən çıxarılmış ola bilər. Bu barədə “Bloomberg” agentliyi yazıb.

Türkiyə Avropa İttifaqına üzvlük üçün 1987-ci ildə müraciət edib, danışıqlar 2005-ci ildə başlayıb və dəfələrlə dayandırılıb. Hazırda danışıqların 35 fəslindən 16-sı açılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     Lyayen  


Bizi "telegram"da izləyin