Kral səfərinin pərdəarxası: Britaniya ilə ABŞ arasında nə dəyişir?

2026/04/1777480787.jpg
Oxunub: 660     20:42     29 Aprel 2026    
Böyük Britaniya kralı III Çarlz kraliça Kamilla ilə birlikdə aprelin 27-dən dövlət səfəri ilə ABŞ-dədir. Qərb mətbuatı bu səfəri ona görə mühüm hesab edir ki, Böyük Britaniya kralı “Vaşinqton və London arasında mövcud fikir ayrılıqlarını yumşalda bilər”.

Məlum olduğu kimi, Böyük Britaniya hökuməti ABŞ və İsrailin İrana qarşı müharibəsinə, eləcə də Hörmüz boğazı və İran limanlarının blokadasına qoşulmayıb. Bu isə ABŞ prezidentinin ciddi narazılığına səbəb olub.

Bir ay yarımdan sonra ABŞ Böyük Britaniyadan əldə etdiyi müstəqilliyin 250 illiyini qeyd edəcək və kral cütlüyü həmin tədbirlərdə iştirak etmək üçün Vaşinqtona səfər edə bilərdi, lakin böyük ehtimalla London-Vaşinqton fikir ayrılıqları təhlükəli nöqtəyə çatıb. Buna görə III Çarlz Vaşinqtona “qırılmanın qarşısını almaq” üçün gedib. Britaniya monarxını dördgünlük səfər zamanı xarici işlər naziri Kuper müşayiət edir. Bu isə Amerika-Britaniya danışıqlarının predmetinin çox ciddi olduğunu göstərir.

“The Telegraph”ın məlumatına görə, Ağ Evdə Böyük Britaniya monarxı ilə qapalı danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, Yaxın Şərqdə “rəqibə qarşı hərbi qələbə qazanmışıq və onun nüvə silahına malik olmasına heç vaxt imkan verməyəcəyik, Çarlz mənimlə razıdır”.

III Çarlzın Vaşinqton səfəri ərəfəsində ABŞ İrandan “mərhələli danışıqlar” təklifi alıb və bunun rəsmi cavabı hələ məlum deyil. Ağ Evin mətbuat katibi Karolayn Levit yalnız təsdiqləyib ki, prezident Tramp “bu məsələni müşavirlərlə müzakirə edib”. Əgər “Çarlz İranın nüvə silahına malik olmamalı olduğu ilə razıdırsa”, deməli, İran ətrafındakı vəziyyət Ağ Evdəki qapalı danışıqların əsas predmeti olub.

İranın nüvə proqramı məsələsində Britaniya-ABŞ razılaşmasından, əgər onun mövcud olduğunu qəbul etsək, birbaşa belə nəticə çıxmır ki, Yaxın Şərqdə ABŞ və Böyük Britaniya rəqib ola bilməzlər. III Çarlzın Vaşinqton səfərindən əvvəl Böyük Britaniya və Türkiyə arasında strateji əməkdaşlıq sazişi imzalanıb, halbuki regionun status-kvosu məsələsində Türkiyə-ABŞ fikir ayrılıqları aydındır.

Böyük Britaniya-Türkiyə strateji əməkdaşlığı, şübhəsiz, Britaniya-Azərbaycan münasibətlərində də əks olunacaq. Bu baxımdan Vaşinqton-London barışığı, əgər III Çarlz buna nail ola bilsə, Ermənistan-Azərbaycan faktiki sülhünün institusionallaşmasına və Ermənistan-Türkiyə normallaşmasına töhfə verəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ  


Bizi "telegram"da izləyin