NYT: Müharibənin başlanmasından sonra İranda hakimiyyət arxitekturası köklü şəkildə dəyişib

2026/04/1777478295.jpg
Oxunub: 457     19:49     29 Aprel 2026    
Yaxın Şərqdə müharibənin başlanmasından sonra İranda qısa müddətə hakimiyyət vakuumu yaranmışdı.

Ordu.az xəbər verir ki, bu barədə NYT nəşri yazıb.

Nəşr qeyd edib ki, lakin bu vakuum sürətlə doldurulub və İran İslam Respublikasının idarəetmə arxitekturası ciddi şəkildə dəyişməyə başlayıb.

“Ayətullah Əli Xameneyinin öldürülməsindən sonra kollektiv rəhbərliyin yeni modeli formalaşıb və bu şəraitdə İslam İnqilabı Keşikçiləri Korpusu da xeyli güclənib. Əgər böyük Xameneyinin dövründə müharibə, sülh və ABŞ ilə danışıqlar məsələlərində bütün hakimiyyət onun əlində cəmləşmişdisə, onun oğlu və varisi - ayətullah Müctəba belə səlahiyyətlərə malik deyil.

Müctəba Xameneyi qapalı fiqur olaraq qalır və təyinatından etibarən demək olar ki, ictimaiyyət qarşısına çıxmır. Təhlükəsizlik, müharibə və diplomatiya məsələlərində əsas qərarları İslam İnqilabı Keşikçiləri Korpusunun komandirləri qrupu qəbul edir”, - deyə NYT qeyd edib.

“Müctəba ölkəni elə idarə edir, sanki şuranın direktoru kimidir”, - deyə siyasətçi Əbdülrza Davari bildirib. Onun sözlərinə görə, qərarlar kollektiv şəkildə qəbul olunur, generallar isə faktiki olaraq həmin “şura”nın tərkibinə daxildir.

Nəşr yazıb ki, eyni zamanda, Əli Xameneyinin özü ağır yaralar almasına baxmayaraq, huşundadır və idarəetmədə iştirakını davam etdirir. Mənbələr bildirirlər ki, o, bir neçə əməliyyat keçirib, danışmaqda çətinlik çəkir və ictimai çıxışlar etmir, etibarlı kuryerlər vasitəsilə ötürülən yazılı bəyanatlarla kifayətlənir.

“Sağlamlıq problemləri və təhlükəsizlik mülahizələri səbəbindən səlahiyyətlərin bir hissəsi hərbçilərə həvalə edilib. Siyasi sistemdə hələ də müxtəlif qruplaşmalar iştirak etsə də, analitiklər qeyd edirlər ki, əsas gücə məhz İslam İnqilabı Keşikçiləri Korpusu çevrilib.

ABŞ prezidenti Donald Tramp əvvəllər “rejim dəyişikliyi” barədə bəyanat vermişdi, lakin faktiki olaraq İran İslam Respublikası qorunub saxlanılıb, hakimiyyət isə ruhanilərin təsirinin azalması fonunda daha sərt hərbi elitanın əlində cəmləşib”, - deyə nəşr vurğulayıb.

“Müctəba hələ hər şeyə tam nəzarət etmir... onu tez-tez sadəcə baş vermiş fakt qarşısında qoyurlar”, - deyə ekspert Sanam Vakil qeyd edir.

Müəllif qeyd edib ki, 1979-cu il inqilabını qorumaq üçün yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusu ardıcıl şəkildə təsirini artırır: onun nümayəndələri dövlətin əsas vəzifələrini tutur, strateji sahələrə və xarici əməliyyatlara nəzarət edirlər.

“Xameneyinin ölümündən sonra məhz korpus Müctəbanı dəstəkləyib və onun lider kimi təsdiqlənməsində mühüm rol oynayıb.

Mənbələrin məlumatına görə, müharibə strategiyasını, o cümlədən İsrailə və Fars körfəzi ölkələrinə endirilən zərbələri, eləcə də ABŞ ilə danışıqların taktikasını məhz İslam İnqilabı Keşikçiləri Korpusu müəyyən edir. Bundan başqa, Vaşinqtonla danışıqlara ilk dəfə hərbi korpusun nümayəndələri cəlb olunub.

Eyni zamanda, siyasi rəhbərliklə hərbçilər arasında fikir ayrılıqları qalır. Xüsusilə ABŞ ilə İslamabadda aparılan danışıqlar generalların ABŞ tərəfindən davam edən blokada fonunda onları mənasız hesab etməsindən sonra pozulub.

Siyasətçilərin bir hissəsi, o cümlədən prezident və Xarici İşlər Nazirliyinin rəhbəri, müharibənin vurduğu və 300 milyard dollar həcmində qiymətləndirilən ciddi iqtisadi zərərə işarə edərək dialoqun davam etdirilməsinin lehinə çıxış ediblər. Lakin hakimiyyət hazırda hərbçilərin əlindədir.

Atəşkəs rejiminin uzadılmasına baxmayaraq, vəziyyət qeyri-müəyyən olaraq qalır. İranın nüvə proqramı məsələsində, o cümlədən uranın zənginləşdirilməsindən imtina ilə bağlı məsələdə güzəştlərə gedib-getməyəcəyi aydın deyil”, - deyə NYT qeyd edib.

Nəşr bildriib ki, ölkə daxilində “sərt xətt” tərəfdarlarının göstərdiyi təzyiq qalır. Onlar istənilən kompromisə qarşıdırlar. Onlar etiraz aksiyaları keçirir və qarşıdurmanın davam etdirilməsini tələb edirlər.

Müəllifin sözlərinə görə, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf televiziyada çıxış edərək vurğulayıb ki, İranın hərbi uğurları diplomatik alət kimi istifadə olunmalıdır.

“Hərbi nailiyyətlərimiz bizim ABŞ-dən daha güclü olduğumuz anlamına gəlmir”, - deyə o bildirib və daha praktiki yanaşma göstərməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   ABŞ   İran  


Bizi "telegram"da izləyin