EFES-2026 təlimi: Şərq və Qərb elementləri sahədə bir araya gəlir (FOTOLAR)

2026/04/1777469940.jpg
Oxunub: 701     17:44     29 Aprel 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi EFES-2026 Birləşmiş Müştərək Əməliyyat Təliminin detallarını paylaşıb. Təlimin ən diqqətçəkən elementi Liviyanın şərq və qərb hərbi birliklərinin “Tək və Birləşmiş Liviya” vizyonu istiqamətində ilk dəfə eyni sırada vəzifə icra etməsi olub.

Türkiyənin regional təhlükəsizlik vizyonunu və beynəlxalq hərbi əməkdaşlıq qabiliyyətini ortaya qoyan EFES-2026 Birləşmiş Müştərək Əməliyyat Təlimi bütün sürəti ilə davam edir.

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) planlaşdırma, koordinasiya və müştərək əməliyyat qabiliyyətlərini ən yüksək səviyyədə nümayiş etdirdiyi təlim eyni zamanda dost və müttəfiq ölkələrlə inkişaf etdirilən strateji tərəfdaşlıqların konkret göstəricisinə çevrilib.


Türkiyə Milli Müdafiə Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Egey Ordusu Komandanlığının koordinatorluğu ilə icra edilən təlimin 11-17 aprel tarixləri arasındakı “Kompüter Dəstəkli Komanda Yeri Mərhələsi” və bu çərçivədəki “Xüsusi Müşahidəçi Günü” tədbirləri İstanbul və İzmirdə uğurla tamamlanıb.


Faktiki mərhələ aprelin 20-də başladı

Təlimin ən kritik mərhələsi olan “Faktiki Mərhələ” 20 aprel-21 may tarixləri arasında İzmirdə keçiriləcək. TSQ-nin müasir müharibə mühitinə uyğunlaşma bacarığının və yüksək texnologiyadan istifadə effektivliyinin test ediləcəyi bu mərhələdə çoxsaylı dost və müttəfiq ölkə elementləri də sahədə yer alacaq.


Liviya üçün tarixi dönüş nöqtəsi

EFES-2026 təlimi yalnız hərbi təlim fəaliyyəti olmaqdan çıxaraq Liviyanın siyasi və hərbi inteqrasiya prosesinə də tarixi töhfə verir. Təlim çərçivəsində Liviyanın şərq və qərb bölgələrinə bağlı hərbi elementlər ilk dəfə eyni təlim çətiri altında bir araya gələrək birgə əməliyyat icra edir.

“Tək və Birləşmiş Liviya” vizyonu baxımından kritik hədd kimi qiymətləndirilən iştirakda Liviyanın şərqindən 331 şəxsi heyət, qərbindən isə 177 şəxsi heyət və “Shafak” hücum kateri vəzifə icra edir. İki tərəfin sahədə birlikdə hərəkət etmək iradəsini göstərməsi Liviyadakı institusional uyğunluğun gücləndirilməsinə yönəlmiş ən konkret hərbi addım kimi xarakterizə olunur.

Regional sabitlik və qlobal təhlükəsizliyə töhfə

Təlimin ümumi məqsədi TSQ-nin keyfiyyətli gücünü nümayiş etdirməklə yanaşı, iştirakçı ölkələrlə böhranlara qarşı ortaq həll yolu hazırlamaq iradəsini gücləndirmək kimi açıqlanıb. Türkiyənin sülh və sabitliyi önə çəkən təhlükəsizlik yanaşmasının təzahürü olan EFES-2026 qabaqcıl texnologiya sistemlərinin inteqrasiyası və müştərək əməliyyat intizamı ilə beynəlxalq təhlükəsizliyə töhfə verməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EFES-2026   Təlim   Türkiyə  


Bizi "telegram"da izləyin