Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
“Defense News” tərəfindən hazırlanan xəbərə görə, bu artım 2022-ci maliyyə ilindən etibarən Pentaqonun bir ildə həyata keçirdiyi ən böyük F-35 satınalmasına və ötən ilki azaldılmış tədarük prosesindən kəskin dönüşə işarə edir.
Ancaq sözügedən əsas rəqəm Konqresin ayrıca maliyyələşdirmə qanun layihəsini qəbul etməsindən asılıdır. Tələb edilən 85 təyyarənin yalnız 32-si əsas istəyə bağlı büdcə üzərindən maliyyələşdirilir. Qalan 53 təyyarə isə administrasiyanın 1,15 trilyon dollarlıq əsas büdcə üst həddi ilə yanaşı, ikinci büdcə uzlaşması qanun layihəsi vasitəsilə qəbul etdirməyi planlaşdırdığı 350 milyard dollarlıq məcburi maliyyələşdirmə tələbindən asılı vəziyyətdədir.
Sözügedən layihə hələ palataya təqdim olunmasa da, Nümayəndələr Palatasının sədri Mayk Conson ikinci uzlaşma layihəsini qəbul etdirməyin çətin ola biləcəyini etiraf edib. Bəzi Nümayəndələr Palatası respublikaçıları isə ötən il Konqresdən keçən qanundan (One Big Beautiful Bill Act/OBBBA) sonra bu fikrə qarşı çıxır. Bu məqamda layihə palatadan keçməzsə, F-35 alışı 2026-cı maliyyə ilinin 47 təyyarəlik əsas səviyyəsindən də aşağı düşərək 32 təyyarəyə qədər azala bilər.
ABŞ Müharibə Nazirliyinin 2027-ci Maliyyə İli Tədarük Proqramları (P-1) sənədinə görə, F-35-in üç variantını da əhatə edən ümumi proqram dəyəri təxminən 21,4 milyard dollara çatır. Bu baxımdan təklif edilən 85 təyyarəlik satınalmanın bölgüsü belədir:
Hərbi Hava Qüvvələri: 38 ədəd F-35A
Donanma və Dəniz Piyadaları: 37 ədəd F-35C
Dəniz Piyadaları: 10 ədəd F-35B
Donanmanın F-35 tələbində artım
Qüvvələr üzrə baxıldıqda, birgə satınalmanın ən böyük payını Hərbi Hava Qüvvələri alır. Hərbi Hava Qüvvələri tərəfindən tələb edilən 38 ədəd F-35A 2026-cı maliyyə ilində maliyyələşdirilən 24 təyyarə ilə müqayisədə 14 ədəd çoxdur. Eyni büdcə tələbində istənilən 24 ədəd F-15EX ilə birləşdirildikdə, Hərbi Hava Qüvvələrinin ümumi döyüş təyyarəsi alışı 62-yə çatır.
Donanmanın tələbi isə ötənilki F-35 satınalmasını ikiqat artırır. Donanma və Dəniz Piyadaları filoları üçün 37 ədəd aviadaşıyıcı variantı F-35C və Dəniz Piyadaları üçün 10 ədəd qısa qalxış və şaquli eniş xüsusiyyətli F-35B tələbi yer alır. Sözügedən artım F-35-in donanma variantları üçün illərdir davam edən yavaş alışlardan sonra baş verir.
Donanma yönümlü alışların Dəniz Piyadalarının planlaşdırılan F-35B parkını 353-dən 280 təyyarəyə endirərkən F-35C hədəfini 67-dən 140-a çıxaran 2025-ci il aviasiya planı ilə də uyğun olduğu bildirilir. Bu dəyişiklik Dəniz Piyadalarının F-35 gücünü amfibiya hücum gəmilərindən daha çox Donanma aviadaşıyıcılarındakı filolara doğru yönəldir.
Sözügedən tələbin eyni zamanda proqramda uzun müddətdir davam edən problemləri də hədəf aldığı qiymətləndirilir. Məcburi maliyyələşdirmə tələbi içindəki 324 milyon dollarlıq maddə 200 ədəd “Block 4” dəstinin tədarükünü sürətləndirərək donanmaya ilk təhvili 2031-ci maliyyə ilindən 2030-cu ilə çəkəcək.
F-35-lərdə aşağı döyüşə hazırlıq nisbəti
Yeni sensorlar, silah inteqrasiyası və radioelektron mübarizə qabiliyyəti əlavə edən “Block 4” yeniləmə paketi ilkin təqvimindən təxminən beş il sapmış vəziyyətdədir. Bu gecikmənin böyük hissəsi “Block 4” proqram təminatının beyni olan TR-3 “Technology Refresh-3” prosessorundakı avadanlıq problemlərindən qaynaqlanır.
Büdcə həmçinin təyyarənin döyüşə hazırlıq problemlərini də həll etməyi məqsəd qoyur. Çünki F-35 donanmasının 2024-cü maliyyə ilində orta hesabla təxminən 50 faizlik döyüşə hazırlıq nisbətinə malik olduğu bildirilir. Həqiqətən, bu rəqəm proqramın 65 faizlik hazırlıq hədəfindən xeyli aşağıdır. Pentaqonun büdcə üzrə məsul şəxsi vəzifəsini icra edən Culs Hörst də ötən həftə açıqlamasında F-35-in “keçmişdə büdcənin bir hissəsi olaraq yetərincə maliyyələşdirilmədiyini” bildirərək, 2027-ci maliyyə ili tələbinin bu nisbəti yüksəltmək üçün formalaşdırıldığını deyib.
Sevinc Əliyeva
Ordu.az