Ordu.az xəbər verir ki, “Airbus” martın 31-də başa çatan ilin ilk üç ayına dair maliyyə nəticələrini açıqlayıb.
Buna görə, şirkətin düzəliş edilmiş əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq 300 milyon avroya geriləyib.
Şirkətin ümumi gəlirləri isə 7 faizlik azalma ilə 12,65 milyard avroya düşüb.
Analitiklər şirkətin ilk rübdə 12,39 milyard avro gəlir üzərindən 348 milyon avro mənfəət əldə etməsini gözləyirdilər.
“Airbus”un baş icraçı direktoru (CEO) Giyom Fori aşağı performansın əsas səbəbi kimi ABŞ-də yerləşən təchizatçı “Pratt & Whitney” şirkətindən qaynaqlanan mühərrik təhvili gecikmələrini göstərib.
“Əməliyyat mühiti dinamik və mürəkkəb olaraq qalır. Yaxın Şərqdə sürətlə dəyişən vəziyyətin potensial təsirlərini yaxından izləyirik”, - deyə Fori bildirib.
Şirkət mühərrik təchizatında yaşanan bu ləngimələr səbəbindən mart ayında hüquqi proses başlatmaq və təzminat tələb etmək qərarı almışdı.
İlin ilk rübündə “Airbus” ötən ilin eyni dövründəki 136 təhvildən geri qalaraq yalnız 114 kommersiya təyyarəsi təhvil verə bilib. Bu rəqəm eyni dövrdə 143 təyyarə təhvil verən rəqibi “Boeing”dən də aşağı olub.
Aviasiya sektorunda əməliyyatların dollar üzərindən aparılması səbəbilə dolların avro qarşısındakı zəif dinamikası şirkətin gəlirlərinə mənfi təsir edib.
Xüsusilə sərnişin və yük təyyarəsi bölməsində düzəliş edilmiş əməliyyat mənfəəti 84 faiz kimi kəskin azalma yaşayıb.
Bundan əlavə, şirkət müştəri maliyyələşdirməsindən əvvəl təxminən 2,5 milyard avro nağd pul çıxışı həyata keçirərək mütəxəssislərin proqnozlarından xeyli yüksək nağd pul sərfi nümayiş etdirib.
Bu arada, ümumi mənzərədəki azalmaya baxmayaraq, “Airbus”un müdafiə və kosmos bölməsi gözləniləndən daha yaxşı performans göstərib. Analitiklərin 111 milyon avroluq gözləntisini aşan bölmə 130 milyon avro düzəliş edilmiş əsas mənfəət açıqlayıb.
Digər tərəfdən, yaşanan istehsal və təchizat çətinliklərinə baxmayaraq, “Airbus” rəhbərliyi 2026-cı ilin sonuna dair nikbinliyini qoruyub.
Şirkət bu il üçün hədəflədiyi 870 təyyarəlik təhvil sayını və təxminən 7,5 milyard avroluq düzəliş edilmiş əməliyyat mənfəəti hədəfini dəyişməyib. Bundan əlavə, 2027-ci ilin sonuna qədər A320 ailəsi təyyarələrinin istehsal sürətini ayda 70-75 aralığına çıxarmaq strategiyasını təkrarlayıb.
Sevinc Əliyeva
Ordu.az