“Teknopark Ankara”da dərin texnologiya və süni zəka sahibkarları investorlarla görüşdü

2026/04/1777469261.jpg
Oxunub: 459     17:31     29 Aprel 2026    
“Teknopark Ankara”da texnologiya əsaslı təşəbbüslərin inkişaf yoluna sürət qazandırmaq məqsədilə təşkil edilən “Deep Tech Ankara 2026” Sürətləndirmə Proqramı və kodsuz tətbiq hazırlama platforması “FlutterFlow”un təqdimat tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, tədbir çərçivəsində sahibkarlar investorlar, qurum nümayəndələri və dəstəkçi tərəfdaşlarla bir araya gəlib.

Ankara İnkişaf Agentliyi dəstəyi ilə “Teknopark Ankara” tərəfindən həyata keçirilən “Deep Tech Ankara 2026” Sürətləndirmə Proqramı ilə dərin texnologiya və süni zəka sahəsində fəaliyyət göstərən təşəbbüslərin kommersiyalaşma və miqyaslanma proseslərinə töhfə verilməsi hədəflənir.

Alınan 98 müraciət arasından aparılan qiymətləndirmə nəticəsində 32 təşəbbüsün qəbul edildiyi proqramda yenilikçi texnologiyalar hazırlayan təşəbbüslərin məhsul-bazar uyğunluğunu gücləndirməsi planlaşdırılır.

Proqram müddətində sahibkarlara 6 fərqli modul üzrə ümumilikdə 80 saat mentorluq və təlim dəstəyi veriləcək. Bundan əlavə, brend və patent müraciəti dəstəyi, layihə yazılması dəstəyi, “İvedik Gayrimenkul Yatırım Fonu” çərçivəsində fərdi yatırım görüşməsi və “Gitex AI İstanbul” sərgisində stend açmaq imkanı təqdim olunacaq.

“Türkiyə istehsal edən və inkişaf etdirən ölkə olmalıdır”

İvedik Organize Sənaye Bölgəsi və “Teknopark Ankara” İdarə Heyətinin sədri Hasan Gültekin tədbirdə çıxışı zamanı fikirdən prototipə, məhsuldan təşəbbüsə, yatırımdan ixraca uzanan yolu izah etdiklərini bildirib.

Gültekin “Teknopark Ankara” və ABŞ mərkəzli “FlutterFlow” əməkdaşlığı ilə həyata keçirilən sürətləndirmə proqramının əhəmiyyətinə diqqət çəkərək bildirib ki, proqram 6 həftə davam edib və 7 fərqli ölkədən 550-dən çox müraciət alıb.

Tədbirdə 15 sahibkarın səhnəyə çıxaraq layihələrini təqdim etdiyini bildirən Gültekin deyib: “Birinci olan layihə may ayında ABŞ-də keçiriləcək tədbirdə ödənişsiz iştirak hüququ qazanacaq. Bundan əlavə, “FlutterFlow”un baş icraçı direktoru ilə fərdi mentorluq imkanı əldə edəcək”.

Süni zəkanın bu gün yalnız proqram təminatı mövzusu olmaqdan çıxdığını vurğulayan Gültekin bildirib: “Süni zəka istehsalın, müdafiənin, səhiyyənin, enerjinin və qlobal rəqabətin mövzusudur. Türkiyə bu yeni dövrü yalnız izləyən ölkə ola bilməz. İstehsal edən, inkişaf etdirən və ticarətə çevirən ölkə olmalıdır. Son illərdə ortaya qoyulan milli texnologiya, sənaye və yüksək əlavə dəyərli istehsal vizyonu da bu məqsədə xidmət edir”.

Gültekin əlavə edib ki, Ankaranın güclü müdafiə sənayesi təcrübəsi, universitet infrastrukturu və dövlət təcrübəsi dərin texnologiya və süni zəka üçün təbii mərkəzdir.

Ankara İnkişaf Agentliyinin Qabaqcıl Texnologiya Bölməsinin rəhbəri Erdem Koçoğlu da qurum olaraq fəaliyyətlərində bu il süni zəka mövzusuna fokuslandıqlarını bildirib.

Koçoğlu “Deep Tech Ankara” proqramını son üç ildə uğurla tətbiq etdiklərini xatırladaraq yaxın zamanda süni zəka istiqamətində yeni maliyyə dəstək proqramı elan etməyi planlaşdırdıqlarını və təsdiq proseslərinin davam etdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Teknopark-Ankara   Türkiyə   SZ  


Bizi "telegram"da izləyin