Rumıniya SAFE proqramı çərçivəsində 8,33 milyard avroluq müdafiə müqavilələrini təsdiqlədi

2026/04/1777469208.jpg
Oxunub: 354     17:27     29 Aprel 2026    
Rumıniya parlamenti Avropa İttifaqının yenidən silahlanma təşəbbüsü çərçivəsində maliyyələşdiriləcək ümumilikdə 8,33 milyard avro dəyərində müdafiə layihələrini təsdiqləyib.

Ordu.az xəbər verir ki, qərar 31 may son müraciət tarixindən əvvəl proses qarşısındakı son maneənin aradan qalxması deməkdir.

SAFE proqramı çərçivəsində genişmiqyaslı maliyyələşmə

Sözügedən layihələr Avropa İttifaqı tərəfindən başladılan SAFE (Security Action for Europe) proqramı çərçivəsində maliyyələşdiriləcək. Rumıniyanın 2025-2030-cu illər dövründə bu proqramdan ümumilikdə 16,6 milyard avroya qədər vəsait istifadə edə biləcəyi bildirilir.

SAFE proqramı Avropa İttifaqına üzv ölkələrin müdafiə xərclərini artırmasını dəstəkləmək məqsədilə yaradılmış 150 milyard avroluq aşağı xərcli kredit paketinin bir hissəsi kimi tanınır.

Quru, hava və sursat layihələri önə çıxır

Təsdiqlənən layihələr çərçivəsində Rumıniyanın piyada döyüş maşınları, tanklar, hava hücumundan müdafiə sistemləri və sursat istehsalı infrastrukturuna yatırım etməsi planlaşdırılır.

Bu çərçivədə “Rheinmetall” təxminən 5 milyard avro dəyərində layihələrdə əsas podratçı olacaq. Şirkətin məsuliyyət sahəsinə sursat istehsalı müəssisələri, “Skynex” hava hücumundan müdafiə sistemləri, zirehli maşınlar və tanklar daxildir.

Dəniz və aviasiya layihələri də proqramda yer alır

Proqram çərçivəsində “Rheinmetall”in Rumıniyadakı Mangalia gəmiqayırma zavodunu təhvil alaraq 2030-cu ilə qədər dörd korvet inşa etməsi planlaşdırılır.

Digər tərəfdən “Airbus” Rumıniyada helikopter istehsal edəcək və bu istehsalın bir neçə Avropa ölkəsi üçün həyata keçirilməsi nəzərdə tutulur.

Radar və antidron sistemləri də alınacaq

Rumıniyanın müdafiə naziri Radu Miruta bildirib ki, layihələrin bir hissəsi radar və anti-pilotsuz uçuş aparatı sistemlərinin alınmasına ayrılıb. Bu çərçivədə ümumilikdə səkkiz ayrı müqavilənin hava müşahidə və pilotsuz uçuş aparatlarına qarşı müdafiə qabiliyyətlərini gücləndirməyə yönəldiyi qeyd olunub.

Miruta bildirib ki, həmin layihələr Rumıniya ordusunun təhlükəsizliyini artırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   SAFE  


Bizi "telegram"da izləyin