İran bu yaxınlarda xəbərdarlıq edib ki, Hörmüz boğazındakı sualtı kabellər regionun rəqəmsal iqtisadiyyatı üçün həssas nöqtədir və bu, kritik infrastruktur obyektlərinə mümkün hücumlarla bağlı narahatlıqları artırıb.
Qlobal neft daşımaları üçün onsuz da boğaz rolunu oynayan bu dar su yolu rəqəmsal dünya üçün də eyni dərəcədə vacibdir. Bir neçə fiber-optik kabel boğazın dəniz dibi boyunca uzanaraq Hindistan və Cənub-Şərqi Asiyadan Avropaya, Körfəz ölkələri və Misir vasitəsilə əlaqə yaradır.
Sualtı kabelləri vacib edən nədir?
Sualtı kabellər məlumat və enerji ötürmək üçün dəniz dibinə çəkilən fiber-optik və ya elektrik kabelləridir. BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış qurumu olan ITU-nun məlumatına görə, onlar dünya üzrə internet trafikinin təxminən 99 faizini daşıyır.
Onlar həmçinin ölkələr arasında telekommunikasiya və elektrik enerjisi daşıyır, bulud xidmətləri və onlayn rabitə üçün həyati əhəmiyyət daşıyır.
Geosiyasi və enerji analitiki Maşa Kotkin bildirib: “Kabellərin zədələnməsi internetin yavaşıması və ya kəsilməsi, elektron ticarətin pozulması, maliyyə əməliyyatlarının gecikməsi... və bütün bu pozuntulardan irəli gələn iqtisadi nəticələr deməkdir”.
“SubConnect” şirkəti 2026-cı il aprelin 14-də Londonda keçirilən “UDT, Undersea Defence Technology 2026” sərgisində sualtı fiber-optik kabellər üçün sensor qovşağının əsas modulunu nümayiş etdirir.
“SubConnect” şirkəti 2026-cı il aprelin 14-də Londonda keçirilən “UDT, Undersea Defence Technology 2026” sərgisində sualtı fiber-optik kabellər üçün sensor qovşağının əsas modulunu nümayiş etdirir.
Körfəz ölkələri, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı iqtisadiyyatlarını neftdən uzaqlaşdırmaq üçün süni zəka və rəqəmsal infrastruktura milyardlarla dollar sərmayə yatırır. Hər iki ölkə region üzrə müştərilərə xidmət göstərən milli süni zəka şirkətləri yaradıb və bunların hamısı məlumatların ildırım sürəti ilə ötürülməsi üçün sualtı kabellərdən asılıdır.
Hörmüz boğazından keçən əsas kabellərə Misir vasitəsilə Cənub-Şərqi Asiyanı Avropa ilə birləşdirən, BƏƏ, Oman, Qətər və Səudiyyə Ərəbistanında çıxış nöqtələri olan “Asia-Africa-Europe 1” (AAE-1) daxildir, Hindistan və Şri-Lankanı Körfəz ölkələri, Sudan və Misirlə birləşdirən FALCON şəbəkəsi, bütün Körfəz ölkələrini, o cümlədən İranı birləşdirən “Gulf Bridge International Cable System” daxildir. Qətərin “Ooredoo” şirkətinin rəhbərlik etdiyi sistem də daxil olmaqla əlavə şəbəkələr tikilməkdədir.
Risklər nələrdir?
Beynəlxalq Kabel Mühafizəsi Komitəsinin (ICPC) məlumatına görə, 2014-2025-ci illər arasında sualtı kabellərin ümumi uzunluğu xeyli artsa da, nasazlıqlar ildə təxminən 150-200 hadisə səviyyəsində sabit qalıb. Dövlət dəstəkli sabotaj riski mövcud olsa da, nasazlıqların 70-80 faizi təsadüfi insan fəaliyyəti, əsasən balıqçılıq və gəmi lövbərləri səbəbindən baş verir.
ICPC və mütəxəssislərin bildirdiyinə görə, digər risklərə sualtı axınlar, zəlzələlər, sualtı vulkanlar və tayfunlar daxildir.
Telekommunikasiya araşdırma şirkəti “TeleGeography”nin tədqiqat direktoru Alan Moldin bildirib ki, sənaye bu risklərə qarşı kabelləri torpağa basdırmaq, zirehləmək və təhlükəsiz marşrutlar seçməklə tədbir görür.
İki aya yaxınlaşan İran müharibəsi qlobal enerji təchizatına və regional infrastruktura misli görünməmiş zərbə vurub, o cümlədən Bəhreyn və BƏƏ-də “Amazon Web Services” məlumat mərkəzlərinə zərbələr endirilib. Sualtı kabellər isə indiyədək zərər görməyib.
Lakin zədələnmiş gəmilərin lövbərlərini sürükləyərək təsadüfən kabellərə toxunması kimi dolayı risk mövcuddur.
Kotkin bildirib: “Aktiv hərbi əməliyyatlar şəraitində qeyri-iradi zərər riski artır və bu münaqişə nə qədər uzun sürərsə, qeyri-iradi zərər ehtimalı bir o qədər yüksələr”.
Bənzər hadisə 2024-cü ildə baş vermişdi. İranla müttəfiq husilərin hücumuna məruz qalan ticarət gəmisi Qırmızı dənizdə sürüklənmiş və lövbəri ilə kabelləri qoparmışdı.
“TeleGeography”yə görə, kabellərin zədələnməsinin Körfəz ölkələrində bağlantıya nə dərəcədə təsir göstərəcəyi əsasən fərdi şəbəkə operatorlarının onlardan nə qədər asılı olmasından və hansı alternativlərə malik olmasından asılıdır.
Asan həll yoxdur
Münaqişə zonalarında zədələnmiş kabellərin təmiri onların qorunmasından ayrıca problem yaradır. Mütəxəssislərin sözlərinə görə, fiziki təmirin özü çox mürəkkəb olmasa da, təmir gəmilərinin sahibləri və sığorta şirkətlərinin qərarlarına döyüşlərin yaratdığı zərər riski və ya minaların mövcudluğu təsir edə bilər.
Ərazi sularına giriş icazələri isə əlavə çətinlik yaradır.
Moldin bildirib: “Çox vaxt təmir işlərinin ən böyük problemlərindən biri zərərin olduğu sulara daxil olmaq üçün icazə almaqdır. Bu, bəzən çox vaxt aparır və problemlərin ən böyük mənbəyi ola bilər”.
O bildirib ki, münaqişə başa çatdıqdan sonra sənaye iştirakçıları kabel yerləşdirmə üçün təhlükəsiz mövqeləri müəyyən etmək və döyüşlər zamanı batmış gəmilərdən və ya obyektlərdən yayınmaq məqsədilə dəniz dibini yenidən araşdırmaq problemi ilə də üzləşəcəklər.
Sualtı kabellər sıradan çıxarsa, hansı alternativlər var?
Mütəxəssislər razılaşırlar ki, quru əsaslı bağlantılar səbəbindən sualtı kabellərin mümkün zədələnməsi tam rabitə itkisinə səbəb olmayacaq, lakin peyk sistemləri eyni həcmdə trafiki daşıya bilmədiyi və daha baha olduğu üçün real əvəzləyici deyil.
Moldin bildirib: “Bu elə deyil ki, sadəcə peykə keçəsən. Bu alternativ deyil”.
O qeyd edib ki, peyklər quru əsaslı şəbəkələrə bağlantılardan asılıdır və daha çox təyyarə və gəmilər kimi hərəkətdə olan obyektlər üçün uyğundur.
Kotkin əlavə edib ki, “Starlink” kimi aşağı Yer orbitli şəbəkələr “butik həllidir və hazırda milyonlarla istifadəçi üçün miqyaslana bilən deyil”.
Sevinc Əliyeva
Ordu.az