Tarixdə ilk dəfə PUA uçuş zamanı simsiz enerji ötürülməsi ilə şarj olub

2026/04/gdfgf-1777461138.jpg
Oxunub: 586     15:09     29 Aprel 2026    
Tarixdə ilk dəfə pilotsuz uçuş aparatı uçuş zamanı simsiz enerji ötürülməsi ilə şarj olub.

Ordu.az xəbər verir ki, ABŞ-də yerləşən “Kraus Hamdani Aerospace” və “PowerLight Technologies” simsiz enerji ötürülməsi (power beaming) texnologiyasından istifadə edərək K1000ULE Pilotsuz Uçuş Aparatının (PUA) fasiləsiz tapşırıq icra etməsini sınaqdan keçirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və ABŞ Əməliyyat Enerjisi İnnovasiya Direktorluğunun sponsorluğu, AFCENT “Battle Lab”ın ev sahibliyi ilə keçirilən nümayişdə “PowerLight” şirkətinin mobil və avtonom enerji ötürmə sistemi K1000ULE PUA-ya inteqrasiya edilib.

Lazer əsaslı sistem uçuş zamanı 5 min fut hündürlüyədək təxminən 1 kV güc ötürülməsini təmin edərək PUA-nın real vaxt rejimində kəşfiyyat, müşahidə və aşkarlama (ISR) tapşırıqlarını və rabitəsini fasiləsiz davam etdirməsinə imkan yaradıb. K1000ULE PUA ötən dövrdə CENTCOM tərəfindən Yaxın Şərq tapşırıqlarını dəstəkləmək üçün 270 milyon dollar dəyərində IDIQ (Indefinite Delivery, Indefinite Quantity) müqaviləsi almışdı.

Əksər hava vasitələrinin havada qalma müddəti yanacaq və ya batareya tutumu ilə məhdudlaşır, bu isə tapşırıq zamanı əməliyyat çatışmazlıqlarına yol açır. “Kraus Hamdani Aerospace” isə daha əvvəl 2-ci sinif PUA kateqoriyasında 75 saat uçuş həyata keçirərək dünya rekordu qırmışdı.

Əməliyyat Enerji Qabiliyyətlərinin İnkişafı Fondu (OECIF) çərçivəsində aparılan işlərin erkən mərhələdən etibarən dəstəklənməsi bu uğurun mühüm elementlərindən biri olub. OECIF rəsmisi RutEn Darlinq yüksək enerjili lazer əsaslı güc ötürmə texnologiyasının gələcəkdə daha da inkişaf edərək “Qızıl Günbəz” kimi qabaqcıl konsepsiyalara zəmin yaradacağını bildirib. Darlinq həmçinin bu uçuşu davamlı uçuş və K1000ULE platformasının demək olar ki, heç eniş etmədən tapşırıq icra edə bilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

“PowerLight” sistemi uçuş boyunca hədəf PUA-nı avtonom şəkildə aşkar edib izləyib və lazer əsaslı enerji bağlantısını təyyarə hərəkətləri ilə ətraf mühit şəraitinə uyğunlaşacaq şəkildə daim aktiv saxlayıb. Bunun sayəsində platforma enişə və ya yerüstü müdaxiləyə ehtiyac olmadan tapşırığını davam etdirə bilib. Müvafiq sınaqla birlikdə uçuş zamanı enerji ötürülməsinin mümkün olduğu təsdiqlənib və infrastrukturun məhdud olduğu irəli baza bölgələrində aylarla davam edə biləcək fasiləsiz əməliyyatların önü açılıb.

“Kraus Hamdani Aerospace”in texniki direktoru Stefan Kraus K1000ULE PUA-nın layihə hədəfinin ənənəvi sabit qanadlı platformalardan daha yüksək dözümlülük müddətlərinə çatmaq olduğunu bildirib. O, “PowerLight” inteqrasiyasının bu davamlılığı daha da artırdığını və eniş ehtiyacını azaltdığını vurğulayıb. “PowerLight Technologies”in baş direktoru Tim Cenks isə bu sınağın yalnız tək bir ötürücü ilə məhdud qalmayacağını, gələcəkdə daha yüksək güc səviyyələri, daha yüksək hündürlük və məsafə ilə eyni anda bir neçə hava vasitəsinə enerji təmin edə biləcək paylanmış sistemlərin hazırlanacağını bildirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   ABŞ   Simsiz-enerji  


Bizi "telegram"da izləyin