İran ABŞ-nin iqtisadi təzyiqinin yumşaldılması müqabilində Hörmüz boğazının yenidən açılmasını təklif edir və etimadı mərhələli şəkildə qurmağı hədəfləyir.
Vaşinqtondan gələn ziddiyyətli siqnallar şübhəni göstərir, rəsmilər İranın əsas su yollarına nəzarətlə bağlı niyyətlərinə ehtiyatla yanaşırlar.
Tehran Rusiya və regional oyunçularla diplomatik fəallığını artırır, danışıqlar masasından kənarda da güc nümayiş etdirir.
İran ABŞ ilə mövcud qarşıdurmanı bitirmək üçün yeni təklif irəli sürüb. Lakin bu təklif artıq Vaşinqtondakı şübhələrin kölgəsi altındadır. Tehran strateji baxımdan həyati əhəmiyyət daşıyan Hörmüz boğazını yenidən açmağı təklif edib, əvəzində isə ABŞ-nin İran limanlarına qarşı getdikcə sərtləşən blokadasını yumşaltmasını istəyib. Bu blokada onsuz da zərbə almış iqtisadiyyatı daha da sıxışdırıb.
Əsas məqam odur ki, təklif dərhal yaranmış dəniz böhranını daha mürəkkəb nüvə mübahisəsindən ayırır və göstərir ki, sonuncu məsələ üzrə danışıqlar daha ləng templə sonradan davam etdirilə bilər.
İran hesab edir ki, ilk mərhələdə su yollarının açılması qarşılıqlı etimadsızlıq və şübhələri azaltmağa kömək edəcək, daha mürəkkəb nüvə danışıqlarına keçməzdən əvvəl etimad yaradacaq. Hörmüz boğazının açılması bütün ölkələr tərəfindən alqışlanacaq, çünki iqtisadi ağrı bütün dünyada hiss olunur.
Ağ Evdə İranın son addımını müzakirə etmək üçün yüksək səviyyəli təhlükəsizlik iclası keçirilib. Adı açıqlanmayan rəsmilər Donald Trampın hələ də inandırılmadığını bildirirlər. O, davamlı iqtisadi təzyiqin sonda Tehranın Vaşinqtonun daha geniş tələblərini qəbul etməsinə məcbur edəcəyinə ümid edir.
Dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində İranın Hörmüz boğazını açmaq təklifinə münasibət bildirərkən deyib: “Boğazların açılmasından danışanda – bu mövzu həmişə müzakirə olunur – boğazların açıq olması vacibdir. Amma məsələ yalnız boğazlar deyil. Əgər onların boğazları açmaqdan məqsədi budursa ki, “bəli, boğazlar açıqdır, amma yalnız İranla koordinasiya etsəniz, bizdən icazə alsanız, mümkündür, əks halda sizi məhv edərik və bizə ödəniş edərsiniz”, bu, boğazların açılması deyil. Bunlar beynəlxalq su yollarıdır.
Onlar beynəlxalq su yolundan kimin istifadə edəcəyinə və bunun üçün nə qədər ödənəcəyinə İranın qərar verdiyi sistemi normallaşdıra bilməzlər və biz də buna dözə bilmərik”.
O, həmçinin aydın edib ki, nüvə məsələsi sonraya saxlanılmayacaq. Rubio bildirib ki, ABŞ tərəfindən hər hansı razılaşma “onların istənilən vaxt nüvə silahına sürətlə yiyələnməsinin qarşısını qəti şəkildə almalıdır”.
Nüvə məsələsi Tramp üçün qırmızı xətdir və İrana qarşı müharibənin aparılmasının səbəblərindən biri olub.
İran və Rusiya əla münasibətlərə malikdir və Suriyada birlikdə işləyib, həmçinin İŞİD-lə mübarizə zamanı hərəkətlərini əlaqələndiriblər. İran Ukraynadakı müharibəsində Rusiyaya pilotsuz uçuş aparatları vermişdi. Moskva ABŞ-İsrailin İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyini öldürən zərbələrini pisləyən ilk ölkələrdən biri olmuşdu.
Moskva həmin zərbələri ABŞ və İsrail tərəfindən “təxriksiz silahlı təcavüz aktı” kimi xarakterizə etmişdi. Onun oğlu, hazırkı Ayətullah Müctəba Xameneyinin hücum zamanı aldığı yaralara görə Moskvada müalicə olunduğu barədə şayiələr yayılmışdı. Bu yalnız fərziyyə idi, lakin Rusiya ilə İran arasındakı yaxın əlaqəni göstərir.
Əraqçi Sankt-Peterburqda isti qarşılanıb və orada Prezident Vladimir Putinlə görüşüb. Prezident İran xalqını “öz suverenliyi uğrunda cəsarətlə və qəhrəmancasına mübarizə aparan xalq” adlandırıb və Rusiyanın Yaxın Şərqə sülh gətirmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib. Bu barədə TASS məlumat yayıb. Əraqçi İranın son sülh təklifi üçün Moskvadan dəstək istəyib.
Putin Əraqçiyə bildirib ki, Rusiya “sizin maraqlarınıza, regionun bütün xalqlarının maraqlarına xidmət edən və sülhün mümkün qədər tez əldə olunmasına kömək edən hər şeyi etməyə hazırdır”. TASS Putinin belə dediyini yazıb: “Rusiya da İran kimi strateji münasibətlərimizi davam etdirmək niyyətindədir”.
Rusiya xarici işlər naziri Sergey Lavrov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və Rusiyanın hərbi kəşfiyyat agentliyinin rəhbəri İqor Kostyukov da görüşdə iştirak ediblər.
Müharibənin ilkin mərhələsində dünya hesab edirdi ki, Rusiya İranın köməyinə gələcək, çünki iki ölkə 2025-ci ildə müdafiə, enerji, texnologiya və maliyyə əməkdaşlığını əhatə edən 20 illik hərtərəfli strateji saziş imzalamışdı.
Lakin Moskva artıq Ukraynada müharibə apardığı üçün diplomatik örtük vermək və dəstəkləyici bəyanatlar səsləndirməkdən o yana çox imkan yox idi. Amma indi bu ehtimal sual altına düşüb, çünki Moskvanın dəstəyinin diplomatiyadan da artıq ola biləcəyinə dair məlumatlar var.
Rusiyanın İrana düşməni nişan almaqda kömək etmək üçün real vaxt rejimində kəşfiyyat məlumatı verdiyi barədə danışılır. Bu hələ təsdiqlənməyib, lakin geniş yayılmış ehtimaldır. Xüsusilə də ilk günlərdən sonra İranın zərbələrinin daha dəqiq olması, SEPAH-ın ABŞ döyüş gəmilərini, radar sistemlərini və Körfəz regionuna yayılmış Amerika hərbi obyektlərini vurması bu ehtimalı gücləndirib. Rusiya İrana gizli yardım göstərilməsi ilə bağlı bütün ittihamları rədd edib.
İran öz təkliflərinə dəstək toplamaq üçün Oman, Səudiyyə Ərəbistanı, Rusiya və sülh vasitəçisi kimi önə çıxan Pakistan da daxil olmaqla regional ölkələrlə işləməyə çalışıb. Bu son diplomatik manevrin gərginliyin azalmasına yol açıb-açmayacağı və ya növbəti əldən verilmiş fürsətə çevriləcəyi Vaşinqtonun reaksiyasından asılı olacaq.
Sevinc Əliyeva
Ordu.az