İsveç NATO gəmilərini qəbul edə bilən yeni sualtı qayıq körpüsü inşa edib

2026/04/dfgdf-1777454756.jpg
Oxunub: 345     13:20     29 Aprel 2026    
İsveçin Karlskrona şəhərindəki hərbi dəniz bazasında yeni sualtı qayıq körpüsü rəsmi şəkildə açılıb.

Ordu.az xəbər verir ki, bu barədə SVT məlumat yayıb.

Karlskrona hərbi dəniz bazasının nümayəndəsi Martin Get obyektin istifadəyə verildiyini yerli mediaya açıqlamasında bildirib.

Yeni körpünün tikintisi bir il yarım çəkib və o, İsveç Hərbi Dəniz Qüvvələrinin xidmətinə daxil olan müasir sualtı qayıqlara uyğunlaşdırılmış texnologiyalar əsasında inşa edilib.

Martin Get qeyd edib ki, obyekt təkcə İsveç gəmilərini deyil, NATO müttəfiqlərinin gəmilərini də qəbul edə biləcək.

Karlskrona 1680-ci ildə qurulandan bəri İsveç Hərbi Dəniz Qüvvələrinin əsas bazası kimi xidmət edir. Sualtı qayıq qüvvələri burada bir əsrdən artıqdır yerləşir. Bu, İsveçin ilk sualtı qayığı “Hajen”dən başlayır və XX əsrin əvvəllərinə gedib çıxır.

Hazırda bazada İsveç Kral Hərbi Dəniz Qüvvələrinin 1-ci Sualtı Qayıq Flotiliyası yerləşir.

“Saab” daha əvvəl Müdafiə Satınalmaları Agentliyindən iki “Blekinge” sinfinə məxsus A26 sualtı qayığının istehsalını başa çatdırmaq üçün yeni sifariş almışdı.

Bu sualtı qayıqlar Karlskronada inşa edilir. Onlar geniş spektrli missiyalar üçün hazırlanıb və İsveçin sualtı qayıq donanmasının əsasını təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   NATO  


Bizi "telegram"da izləyin