Ordu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, 2026-cı il mayın 9-da keçiriləcək parad hərbi texnikanın iştirakı olmadan baş tutacaq.
Tanklar və raket kompleksləri əvəzinə Qırmızı Meydandan yalnız piyada sıraları keçəcək.
Bundan başqa, parada Suvorov hərbi məktəblərinin, Naximov məktəblərinin və kadet korpuslarının kursantları da qatılmayacaq.
Əvəzində “hava hücumundan müdafiə sistemlərində xidmət aparan qoşunların”, həmçinin raket qoşunlarında, hava-kosmik qüvvələrdə və gəmilərdə döyüş növbəsi çəkən hərbçilərin fəaliyyəti yayımlanacaq.
Müdafiə Nazirliyi vurğulayıb ki, qərar “operativ vəziyyətlə əlaqədar” qəbul olunub.
Rusiyada ağır texnikanın keçidini nəzərdə tutmayan paradlar 1995-ci ildən 2007-ci ilədək keçirilirdi. 2008-ci ildən etibarən Strateji Təyinatlı Raket Qoşunlarının raket kompleksləri, zirehli maşınlar və tanklar yenidən Qırmızı Meydandan keçməyə başladı.
Rekordçu 2015-ci ilin yubiley paradı olub. Həmin il müxtəlif növlü 194 təkərli və tırtıllı texnika, həmçinin 140 təyyarə və helikopter iştirak edib.
Ən aşağı göstərici isə 2024-cü ildə qeydə alınıb: 61 texnika vahidi və cəmi 15 təyyarə.
Hələlik xarici liderlərdən hansılarının 2026-cı il paradına gələcəyi məlum deyil. Bazar ertəsi prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin yanına gələcək xarici liderlərin adlarını açıqlaya bilməyib.
“Daha sonra məlumat verəcəyik”, - deyə Peskov bildirib.
Prezidentin köməkçisi Yuri Uşakov Putinin qonaqları arasında bir neçə xarici siyasətçinin olacağını desə də, ad çəkməyib.
Daha əvvəl Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfər planlarını açıqlamışdı. O, 2026-cı il aprelin 19-da bildirib ki, Latviya və Litva onun təyyarəsinin uçuşuna icazə verməkdən imtina edib.
Daha sonra Estoniya da oxşar qərar qəbul edib, Fitso isə Polşa üzərindən uçuş üçün “dəhliz” istəyib.
Ötən həftə Fitso paradda iştirak etməmək qərarı verdiyini açıqlayıb. Baş nazirin sözlərinə görə, o, buna baxmayaraq Moskvaya səfər planından imtina etmir və Naməlum Əsgərin məzarı önünə gül qoymaq niyyətindədir.
Sevinc Əliyeva
Ordu.az