İran ordusu Yaxın Şərq ölkələrindəki ABŞ bazalarına endirilən zərbələrin təfərrüatlarını açıqlayıb

2026/04/1777439500.jpg
Oxunub: 491     09:10     29 Aprel 2026    
İran ordusunun Hərbi Hava Qüvvələri ABŞ-İsrail müharibəsinin əvvəlində region ölkələrində yerləşən düşmən bazalarına qarşı çoxsaylı döyüş uçuşları həyata keçirib. Bunlara İraqın Ərbil şəhərində yerləşən anti-İran qruplaşmasının bazası, həmçinin Küveyt və Qətərdəki hədəflər daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı İran ordusunun nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminian “Press TV”yə bildirib.

General qeyd edib ki, İran qüvvələri müharibənin başlanğıcında bir neçə döyüş uçuşu həyata keçirərək region ölkələrindəki rəqib bazalarına, xüsusilə də Ərbildəki əksinqilabçı bazaya, eləcə də İraq, Küveyt və Qətərdəki mövqelərə zərbələr endirib.

Onun sözlərinə görə, ABŞ mediasında son yayımlardan birində F-5 qırıcılarının əməliyyatı nadir və müəyyən mənada misilsiz uğur kimi qiymətləndirilib.

General bildirib ki, bu uğurlu əməliyyat zamanı ABŞ qüvvələrinin yaratdığı müxtəlif müdafiə səviyyələri yarılıb və ABŞ bazasına zərbə endirilib.

İran ordusunun rəsmi nümayəndəsi ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsinin fəaliyyətini də yüksək qiymətləndirib. O qeyd edib ki, bu sistemə ordu və İnqilab Keşikçiləri Korpusunun bölmələri daxildir və onlar milli hava hücumundan müdafiə qərargahının rəhbərliyi altında fəaliyyət göstərirlər.

Əkrəminiyanın sözlərinə görə, İran HHM qüvvələri düşmən təhdidləri şəraitində özlərini yaxşı göstəriblər. Mövcud məlumatlara əsasən, rəqibin 170-dən çox hava vasitəsi, o cümlədən 16 qırıcı vurulub.

O əlavə edib ki, vurulan pilotsuz uçuş aparatlarının çoxu yüksək texnologiyalı olub, bəziləri isə imkanlarına görə qırıcılardan üstün sayılıb və böyük maliyyə dəyərinə malik olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin