Ordu.az xəbər verir ki, bu barədə “Crimean Wind” monitorinq “Telegram” kanalı peyk məlumatlarına istinadən məlumat yayıb.
NASA FIRMS peykləri Beloqorsk rayonunun Mijhirya kəndinin cənubunda yanğın qeydə alıb.
Söhbət keçmiş raket bölməsinin yerləşdiyi ərazidən, 82717 saylı hərbi hissədən gedir. Mövcud məlumata görə, Rusiya qüvvələri bu məkandan “İsgəndər” əməliyyat-taktiki raket sistemləri üçün baza kimi istifadə edir.
Yerli sakinlər gecə saatlarında pilotsuz uçuş aparatları qrupunun Cankoy rayonu üzərindən Beloqorsk rayonuna doğru hərəkət etdiyini bildiriblər.
Sevastopolun qondarma “qubernatoru” Mixail Razvojayev səhər saatlarında pilotsuz uçuş aparatı hücumunu təsdiqləyib. O iddia edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri guya 20 pilotsuz uçuş aparatını vurub.
Bu baza daha əvvəl aprelin 16-da Ukraynanın pilotsuz uçuş aparatı əməliyyatları zamanı Kurortne kəndi yaxınlığındakı başqa bir Rusiya raket bazası ilə birlikdə hədəfə alınmışdı.
Rusiya Krımdan mütəmadi olaraq Ukraynanın mülki və kritik infrastrukturuna ballistik raketlər buraxır. Nəticədə bu raket bazalarının və sistemlərin özlərinin məhv edilməsi Ukrayna Müdafiə Qüvvələri üçün mühüm missiyadır.
Mart ayında Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin operatorları Krımda, Vışneve kəndi yaxınlığında Rusiyanın “İsgəndər” raket buraxılış qurğusunu məhv ediblər.
Kamuflyaj edilmiş maşın artıq buraxılış bölgəsində idi və heyət raket buraxılışına hazırlaşırdı.
Xüsusi Əməliyyat Qüvvələri tərəfindən idarə olunan bir neçə FP-2 pilotsuz uçuş aparatı hədəfi uğurla vurub, sursatın ikinci partlayışı qeydə alınıb. Bundan əlavə, Ukrayna müdafiəçiləri Kurortne kəndində “İsgəndər” buraxılış qurğuları üçün saxlama məntəqəsini aşkarlayıb və vurublar.
Qeyd edək ki, bu, bütün Rusiya-Ukrayna müharibəsi ərzində “İsgəndər” raket sistemi buraxılış qurğularının məhv edilməsinin yalnız üçüncü təsdiqlənmiş halıdır.
Sevinc Əliyeva
Ordu.az