ABŞ Tunisə 95 milyon dollarlıq sərhəd təhlükəsizliyi dəstəyi göstərir

2026/03/1774464934.jpg
Oxunub: 396     22:15     28 Aprel 2026    
ABŞ Dövlət Departamenti Tunisin Sərhəd Təhlükəsizliyi Layihəsi çərçivəsində 95 milyon dollar dəyərində hərbi satışa icazə verib.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Tunis hökumətinə mümkün Xarici Hərbi Satış proqramı çərçivəsində sərhəd təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş avadanlıq satışını təsdiqləyib.

Ümumi dəyəri 95 milyon dollar olan paket Tunisin Sərhəd Təhlükəsizliyi Layihəsinin üçüncü mərhələsini dəstəkləməyi nəzərdə tutur.

Satış çərçivəsində iri müdafiə sistemlərindən başqa çoxsaylı avadanlıqlar yer alır. Bunların arasında sərhəd müdaxilə bölmələri üçün kommersiya nəqliyyat vasitələri, nəqliyyat vasitədaxili radio sistemləri, sabit baza stansiyaları, termal kameralar, radarlar, mikrodalğa sistemləri, perimetr təhlükəsizlik kameraları, LTE sistemləri, sığınacaqlar, ətraf mühit sensorları, generatorlar və günəş enerjisi sistemləri var.

Həmçinin şəxsi radiasiya detektorları, partlayıcı və kimyəvi maddə aşkarlama cihazları, gecəgörmə və termal görüntüləmə avadanlıqları, komanda-idarəetmə proqram və avadanlıqları, əməliyyat mərkəzi sistemləri və ehtiyat hissələri də paketə daxil edilib.

Bununla yanaşı, sərhəd müşahidə sahələrinin hazırlanması, quraşdırma, inteqrasiya və sınaq xidmətləri, nəqliyyat vasitələrinin inteqrasiyası həlləri, zəmanət, təmir-bərpa xidmətləri və ölkədaxili təlim fəaliyyətləri də satış paketində yer alır.

ABŞ administrasiyası bu satışın Şimali Afrikada siyasi sabitlik və iqtisadi inkişaf baxımından mühüm aktor hesab edilən NATO üzvü olmayan əsas müttəfiq Tunisın müdafiə qabiliyyətini artıracağını bildirir. Açıqlamada qeyd olunur ki, saziş Tunisin suverenliyini və ərazi bütövlüyünü qoruma imkanlarını gücləndirəcək və uzunmüddətli müdafiə ehtiyaclarının qarşılanmasına töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tunis  


Bizi "telegram"da izləyin