Ordu.az xəbər verir ki, sistemin genişmiqyaslı hücumlarda on minlərlə kilometrlik xətt üzrə “atəş divarı” yarada bildiyi bildirilir.
Rusiya fiber-optik kabellər vasitəsilə idarə olunan pilotsuz uçuş aparatlarına qarşı hazırladığı yeni müdafiə sistemi ilə diqqət çəkir. TASS-ın əldə etdiyi patent sənədinə görə, hərbi, strateji və sənaye obyektlərini qorumaq məqsədi daşıyan sistem pilotsuz uçuş aparatlarının rabitə kabellərini istilik təsiri ilə sıradan çıxarır.
Patent sənədində yer alan məlumata görə, sistem yüksək elektrik müqavimətinə malik keçirici materialdan hazırlanmış qızdırıcı elementlərdən, enerji mənbəyindən və idarəetmə blokundan ibarətdir. Bu qızdırıcı elementlər sabit və ya mobil platformalara yerləşdirilə bilir və nixrom (nikel-xrom) və ya fechral (dəmir-xrom-alüminium) ərintilərindən hazırlanır. Elementlərin qalınlığı isə 0,2 ilə 10 millimetr arasında dəyişir.
Sistem qorunan sahəyə pilotsuz uçuş aparatının yaxınlaşdığını müəyyən edən siqnal alındıqdan sonra işə düşür. İdarəetmə bloku müvafiq bölməni aktivləşdirərək qızdırıcı elementləri 10-60 saniyə ərzində 700-1300 dərəcəyədək qızdırır. Bu yüksək temperatur fiber-optik kabelin polimer örtüyünü dağıdır, kvars lifdə mikroçat yaradır və ya tam əriməsinə səbəb olaraq pilotsuz uçuş aparatı ilə operator arasındakı əlaqəni kəsir.
Hazırlayanlar sistemin gözləmə rejimində passiv qalmasını, aktivləşdirilənədək aşkarlanmasının çətin olmasını, modulyar quruluşu sayəsində miqyaslana bilməsini və mövcud aşkarlama sistemləri ilə uyğun işləməsini əsas üstünlüklər kimi göstərirlər.
Patentdə müxtəlif istifadə ssenariləri də yer alır. Bunlar arasında dörd paralel nixrom teldən ibarət 5 metrlik baryerlə təmin olunan avtonom mühafizə, sənaye obyektləri üçün 20 metrlik 50 seqmentdən ibarət çevrə müdafiəsi və geniş ərazilərdə minlərlə seqmentlə transformator mərkəzləri vasitəsilə idarə olunan strateji müdafiə modeli var. Sonuncu modeldə genişmiqyaslı hücumlar zamanı onlarla kilometr uzanan “atəş divarı” yaradılaraq pilotsuz uçuş aparatı hücumlarının qarşısının alınması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az