İranın “müqavimət xətti” Moskvada möhkəmləndirilir? – BAXIŞ BUCAĞI

2026/04/1777397917.jpg
Oxunub: 777     21:39     28 Aprel 2026    
2026-cı il aprelin 27-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib. Danışıqlarda Rusiya tərəfindən xarici işlər naziri Lavrov, prezidentin köməkçisi Uşakov və Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi Kostyukov iştirak ediblər. İran tərəfini Əraqçidən əlavə onun müavini Qaribabadi və İran İslam Respublikasının Moskvadakı səfiri Cəlali təmsil edib.

“RIA Novosti”nin məlumatına görə, Putin İranın ali dini liderinin şəxsi məktubunu aldığını bildirib. Rusiya Prezidenti Müctəba Xameneyiyə sağlamlıq arzulayıb. İranın xarici işlər naziri “yeni rəhbərliyin xarici siyasət xəttini müəyyənləşdirib və vurğulayıb ki, İran ABŞ-nin təzyiqlərini dəf edib və yaxın vaxtlarda da eyni mövqedə qalacaq”. Öz növbəsində Vladimir Putin bəyan edib ki, Moskva “Yaxın Şərqdə sülhün tezliklə bərqərar olması naminə İranın və regionun digər xalqlarının maraqlarını qorumaq üçün hər şeyi etməyə hazırdır”.

İranın xarici işlər naziri “dəstəyə görə minnətdarlığını bildirib və Tehranla Moskva arasında strateji tərəfdaşlıq xəttinə sadiqliyini təsdiqləyib”. Buna cavab olaraq Putin deyib ki, Rusiya da İranla strateji tərəfdaşlığı davam etdirmək “niyyətindədir”.

Ən azı iki məqam diqqət çəkir. Rusiya tərəfdən danışıqlarda iştirak edən iki şəxs, prezidentin köməkçisi Uşakov və Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi Kostyukov Rusiya-ABŞ-Ukrayna danışıqlarının əsas fiqurlarıdır. Belə anlaşılır ki, İranın xarici işlər naziri Rusiya Prezidentinə vasitəçilik deyil, dəstək təklifi çatdırıb. Bu isə öz növbəsində İranın hərbi-siyasi elitasında Rusiyayla strateji tərəfdaşlığın dərinləşdirilməsini dəstəkləyən qrupun mövqeyinin üstün olduğunu göstərir.

Birincidən birbaşa irəli gələn ikinci mühüm məqam Abbas Əraqçinin ABŞ ilə qarşıdurmanı davam etdirmək əzmidir. Bundan sonra Vladimir Putin də qarşılıqlı şəkildə İranla strateji tərəfdaşlığı davam etdirmək niyyətini təsdiqləyib. Aydın olur ki, Moskvanın bu “niyyəti”nin praktik həyata keçirilməsi İranın müqavimət imkanlarının perspektivindən asılıdır.

Daha əvvəl qeyd etmişdik ki, Rusiya İran ilə ABŞ arasında tezliklə razılaşma əldə olunmasında maraqlı deyil, çünki belə presedent Ukrayna nizamlanması üçün də tətbiq oluna bilər. Beləliklə, Əraqçi ilə Putinin görüşü İran-ABŞ sazişinə Rusiyanın dəstəyi haqqında deyil, Rusiyanın yardımı ilə İranın ABŞ ilə qarşıdurma rejimində imkanlarını artırmaq cəhdi haqqındadır.

Bu fonda “Reuters” Tehran mənbələrinə istinadən bildirib ki, “iranlı həkimlərin maaşı ayda 75 dollara enib, hökumət artıq ikinci aydır hətta büdcə işçilərinə də maaş vermir”. Nüfuzlu media qurumunun proqnozuna görə, əgər ABŞ dəniz blokadasını aradan qaldırmasa, İran hökuməti “bir neçə həftə ərzində özünü müflis elan edəcək”. İstisna deyil ki, Tehran Moskvadan ilk növbədə maliyyə dəstəyi gözləyir, lakin Rusiyanın “azad vəsaiti” varmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin