Kiçik Yevgeni Primakovun vəzifədən uzaqlaşdırılmasının səbəbi nədir, Kremlin rəsmi məlumatında bununla bağlı heç nə deyilmir. Son bir ildə “Rossotrudniçestvo” ilə bağlı bir neçə qalmaqallı hadisə məlumdur.
Daha səs-küylü qalmaqal Beyrutda baş verib. İsrail Hərbi Hava Qüvvələri “Rus Evi”nin ofisini dağıdıb və bunu “həmin obyektin çoxdan mülki obyekt olmaması, “Hizbullah”ın silah anbarına çevrilməsi” ilə əsaslandırıb. Moskva, əlbəttə, bu əsaslandırmanı qəbul etməyib, lakin heç bir cavab addımı da atmayıb. Bundan belə nəticə çıxarmaq olar ki, İsrail öz addımını əsaslandıran kifayət qədər sübut təqdim edib.
“Rossotrudniçestvo” postsovet ölkələri ilə Rusiyanın münasibətlərində “yumşaq güc” tətbiq etmək məqsədilə yaradılıb. Ukraynaya qarşı müharibədən sonra vəziyyət dəyişib. İki həftə əvvəl Rusiya Prezidenti Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə MDB üzv ölkələri ilə münasibətlər məsələsini müzakirə edib. Hesabatı xarici işlər naziri Lavrov təqdim edib, iclasda iki xüsusi xidmət rəhbəri Bortnikov və Narışkin də iştirak ediblər.
Kiçik Yevgeni Primakovun vəzifədən uzaqlaşdırılması böyük ehtimalla həmin müzakirələrin nəticəsi olaraq qərara alınıb. “Rossotrudniçestvo”nun yeni icraçı direktorunun qarşısında hansı vəzifənin qoyulduğunu yalnız ehtimal etmək olar. Çox güman ki, “Rus Evi” nümayəndəliklərində də kadr dəyişiklikləri aparılacaq, lakin bunun Rusiya ilə postsovet ölkələri münasibətlərində ciddi irəliləyiş yaradacağı çətin görünür.
İqor Çaykanın hansı addımları atacağı yaxın gələcəkdə aydın olacaq. Lakin əsas problem şəxslərlə bağlı deyil, sistem xarakterlidir və ilk növbədə Rusiyanın nə təklif etməsi ilə bağlıdır. Rusiya hakimiyyətinin ideologiyası və sivilizasiya dəyərlər sisteminin əsasında duran amil. Yəni Qərb dünyası ilə kəskin qarşıdurma postsovet ölkələri üçün cəlbedici deyil.
Asif Cəfərov
Ordu.az