Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İctimaiyyəti Məlumatlandırma Platformasına edilən bildirişlərə görə, şirkət artan ixrac müqavilələri, güclü pul axını və yüksələn əməliyyat gəlirliliyi ilə böyüməsini davam etdirib.
Gəlir və sifarişlərdə güclü artım
ASELSAN-ın 2026-cı ilin ilk rübü üzrə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15 faiz artaraq 34,3 milyard TL səviyyəsinə çatıb. Şirkətin qalıq sifarişləri isə 39 faiz artaraq 20,7 milyard ABŞ dollarına yüksəlib.
Eyni dövrdə imzalanan yeni ixrac müqavilələri 69 faiz artaraq 629 milyon ABŞ dollarına çatıb, ümumi imzalanmış müqavilələrin məbləği isə 1,26 milyard ABŞ dolları olub. Bu müqavilələrin təxminən yarısının ixrac mənbəli olduğu bildirilib.
Gəlirlilik və maliyyə göstəricilərində yaxşılaşma
Şirkətin FAVÖK marjası əvvəlki ilin eyni dövrü ilə müqayisədə artaraq 25,2 faiz səviyyəsinə yüksəlib. FAVÖK məbləği isə 28 faiz artaraq 8,6 milyard TL olaraq qeydə alınıb.
Maliyyə göstəricilərindəki yaxşılaşma çərçivəsində xalis borc/FAVÖK nisbəti 0,60-dan 0,41-ə enib, maliyyə borclarının aktivlər içində payı isə 12,2 faizdən 10,9 faizə düşüb. Xalis borc səviyyəsində də illik bazada 16 faiz azalma müşahidə olunub.
AR-GE və istehsal investisiyaları sürətləndi
ASELSAN ilin ilk rübündə AR-GE xərclərini 41 faiz artıraraq 357 milyon ABŞ dollarına çatdırıb. Seriyalı istehsala yönəlmiş investisiyalar isə 261 faiz artaraq 137 milyon ABŞ dollarına yüksəlib.
Şirkətin tutum artımına yönəlmiş investisiyalarında xüsusilə Oğulbəy Texnologiya Bazası ön plana çıxır. Bu obyektin ilk mərhələsinin 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Əməliyyat səmərəliliyi və böyümə göstəriciləri
Şirkət əməliyyat səmərəliliyi tətbiqləri sayəsində ümumi idarəetmə xərclərini 3 faiz azaldıb, adambaşına gəlirdə ABŞ dolları bazasında 1,5 faiz artım əldə edib. Eyni dövrdə əməkdaş sayının üç mindən çox artdığı bildirilib.
Gəlir artımında hava hücumundan müdafiə sistemləri, radar, radioelektron mübarizə, hərbi rabitə, elektro-optik və yönəlmiş sursat sistemlərinin müəyyənedici rol oynadığı qeyd olunub.
Akyol: Güclü böyümə meyli davam edir
ASELSAN-ın baş direktoru Ahmet Akyol 2026-cı ilin ilk rüb nəticələri ilə bağlı qiymətləndirməsində şirkətin güclü böyümə trendini davam etdirdiyini bildirib.
Akyol qeyd edib ki, 2024-cü ildən etibarən tətbiq olunan transformasiya proqramı maliyyə göstəricilərinə müsbət təsir edib, şirkət həm böyüyən, həm də maliyyə baxımından balanslı struktur nümayiş etdirib.
Şirkətin ixrac müqavilələrindəki artımın və qalıq sifarişlərdəki yüksəlişin iş modelinin dayanıqlığını təsdiqlədiyini vurğulayan Akyol güclü pul axını və artan gəlirliliyin intizamlı maliyyə idarəçiliyinin nəticəsi olduğunu bildirib.
Qlobal tələb və yeni məhsul hazırlıqları
ASELSAN məhsullarına beynəlxalq tələbin artdığına diqqət çəkilib, ilin ilk rübündə imzalanan müqavilələrin yarısının ixrac mənbəli olması mühüm göstərici kimi qiymətləndirilib.
Şirkətin qarşıdakı dövrdə “SAHA İstanbul” çərçivəsində keçiriləcək tədbirdə üç yeni məhsul təqdimatı həyata keçirəcəyi bildirilib.
Strateji böyümə və qlobal mövqelənmə
Şirkətin maliyyə gücünü texnologiya investisiyaları ilə dəstəkləyərək qlobal müdafiə ekosistemindəki mövqeyini gücləndirdiyi qeyd olunur. Artan sifariş həcmi, ixracyönlü böyümə və yüksək texnologiya investisiyaları ASELSAN-ın uzunmüddətli böyümə strategiyasının əsas elementləri kimi önə çıxır.
Önə çıxan müqavilələr
2026-cı ilin ilk rübündə ASELSAN:
Beynəlxalq müştərilərlə rabitə sistemləri və insansız dəniz platformalarına yönəlmiş faydalı yüklərin ixracı,
Hava hücumundan müdafiə və avionik sistemlərin ixracı,
Elektro-optik sistemlərin xaricə təhvili,
Müdafiə Sənayesi Komitəsi ilə idarəetmə sistemlərinin tədarükü kimi müxtəlif sahələrdə mühüm müqavilələr imzalayıb.
Sevinc Əliyeva
Ordu.az