İtaliya İndoneziyaya aviadaşıyıcının verilməsini təsdiqlədi

2026/04/Ekran-1777395490.jpg
Oxunub: 424     20:54     28 Aprel 2026    
İtaliya xidmətdən çıxarılmış aviadaşıyıcını İndoneziyaya vermək qərarı qəbul edib.

Ordu.az xəbər verir ki, İtaliya parlamenti 2026-cı il aprelin 28-i çərşənbə axşamı köhnəlmiş “Giuseppe Garibaldi” (C-551) aviadaşıyıcısının İndoneziyaya hədiyyə edilməsi planını təsdiqləyib.

“Reuters”in məlumatına görə, İtaliya hökuməti bildirib ki, bu addım “köhnəlmiş bir platformanın bahalı sökülmə prosesindən yayınarkən bir müttəfiqlə münasibətləri gücləndirəcək”.

54 milyon avro (63 milyon dollar) dəyərində olan “Garibaldi” 1985-ci ildə xidmətə qəbul olunmuşdu. Aralıq dənizi bölgəsində və Afrika sahillərində müxtəlif əməliyyatlarda iştirak edən gəmi Livan, Liviya və Somali missiyalarında yer aldıqdan sonra 2024-cü ildə ehtiyata çıxarılıb.

Paylaşılan hökumət sənədinə görə, “konstruktiv aşınma və gəmi daxili sistemlərin köhnəlməsi” gəminin “artıq mövcud imkanlara və əməliyyat tələblərinə cavab vermədiyi” anlamına gəlir. Başqa bir parlament hesabatında isə aviadaşıyıcının İndoneziyaya verilməsinin İtaliyanı təkcə ötən il üçün təxminən 5 milyon avro hesablanan xidmət xərclərindən və ya sökülmə üçün tələb olunan təxminən 19 milyon avro xərcdən xilas edəcəyi bildirilib.

İndoneziya mediasının məlumatına görə, Cakartadakı müdafiə rəsmiləri bu hədiyyəni qəbul etməyin yeni gəmi almaqdan daha çox vaxt qazandıracağını və təbii fəlakət-fövqəladə vəziyyət idarəçiliyi üçün faydalı ola biləcəyini bildiriblər. Bu çərçivədə Roma prosesi dekabr ayınadək yekunlaşdırmağı hədəfləyir.

Digər tərəfdən, bu addım İtaliyanın İndoneziya ilə ticari əlaqələri genişləndirməyə yönəlmiş daha geniş strategiyasının bir hissəsi kimi də qiymətləndirilir. Belə ki, sənəddə baş nazir Corcia Meloni hökumətinin İndoneziyaya təxminən 1,5 milyard avro dəyərində sualtı qayıq və təyyarə satışını yekunlaşdırmağı hədəflədiyi qeyd olunub. Ötən il İtaliyanın gəmiqayırma zavodu “Fincantieri” 1,2 milyard dollarlıq müqavilə çərçivəsində İndoneziya donanmasına iki döyüş gəmisi təhvil vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İndoneziya  


Bizi "telegram"da izləyin