Rusiya T-90S tankı üçün xarici alıcılar axtarır: Maraqlanan varmı?

2026/04/1777392980.jpg
Oxunub: 783     20:49     28 Aprel 2026    
Rusiyanın UVZ tank istehsalçısı 2000-ci illərin əvvəlində qabaqcıl T-90S tanklarını Hindistana sataraq böyük gəlir əldə etmişdi, lakin Hindistan indi bu tankların əksəriyyətini ölkə daxilində istehsal edir.

T-90S əsas döyüş tankı (MBT) Rusiyada istehsal olunan T-90 seriyasının ən qabaqcıl variantlarından biri, eləcə də sovet/rus tank arxitekturası tarixində istehsal edilmiş ən yaxşı tanklardan biri kimi təqdim olunur. İlk olaraq Rusiyanın sənaye nəhəngi “Uralvagonzavod” (UVZ) tərəfindən istehsal edilən bu tank 1990-cı illərdə Rusiya ordusu tərəfindən T-90A adı ilə qəbul olunub. Daha sonra ixrac üçün inkişaf etdirilib və 2004-cü ildə Hindistan ordusu tərəfindən rəsmi şəkildə qəbul edilərək T-90S “Bhisma” adlandırılıb. Bu ad qədim Hindistan müharibəsindən bəhs edən sanskrit epik poeması “Mahabharata”dakı əfsanəvi döyüşçünün adından götürülüb.

Daha əvvəl bildirildiyi kimi, Hindistan ordusunda 1.100-dən çox T-90S “Bhisma” tankı xidmətdədir. Bu əsas döyüş tankının qəbul edilməsi Hindistan ordusunun imkanlarını artırmaqla yanaşı, 1990-cı illər və 2000-ci illərin əvvəlində ümumi iqtisadi çöküş fonunda çətinlik yaşayan Rusiya tank istehsalı üçün “xilasedici” kimi qiymətləndirilib.

Rusiya tankı daha çox Asiya ölkəsinə satmaq istəyir

Məhz bu amil dövlətə məxsus hərbi-sənaye holdinqi “Rostec”in törəmə şirkəti olan UVZ-nin bu il Malayziyada keçirilən “Defense Security Asia” (DAS)/“National Security” (NATSEC) 2026 beynəlxalq sərgisində T-90S tankını təqdim etməsini izah edə bilər. Bu həftə keçirilən tədbirdə 63 ölkəni təmsil edən 1.456 şirkət iştirak edib. Rusiya builki DAS/NATSEC sərgisində ilk dəfə təqdimat edib və T-90S əsas nümayiş məhsullarından biridir.

Rusiyanın dövlət agentliyi TASS-ın məlumatına görə, UVZ bildirib ki, bu maşın “müştərilərdən yüksək qiymət alıb”.

“2000-ci illərdə keçirilən açıq tender prosesi zamanı T-90S bütün sınaq mərhələlərini keçən yeganə tank olub və mənfi 50°C-dən müsbət 55°C-dək temperaturda, yüksək dağlıq şəraitdə və tropik rütubətdə müəyyən edilmiş göstəricilərini qoruyub saxladığını nümayiş etdirib”, - deyə istehsalçı bildirib.

Şirkət tankın üç fərqli iqlim zonasında işləmək qabiliyyətini göstərdiyini iddia edib: yüksək temperatur və “aşındırıcı qumlar” olan səhra ölkələri (məsələn, Səudiyyə Ərəbistanı), yüksək dağlıq ərazilərlə birləşən rütubətli tropik ölkələr (məsələn, Hindistan) və bataqlıqlar, yüksək rütubət olan tropik cəngəlliklər (məsələn, Malayziya).

“Bu, ona müştərilərin yüksək qiymətini qazandırdı və onu geniş əməliyyat mühitlərinə uyğunlaşdırılmış, dünyada döyüşdə özünü sübut etmiş əsas döyüş tanklarından birinə çevirdi”, - deyə UVZ bildirib.

T-90S tankının xüsusiyyətləri

İstifadəyə verilmə ili: 2001
İstehsal olunan sayı: 1.100+ (əsasən Hindistanda istehsal edilib/yığılıb)
Uzunluğu: 6,9 metr korpus
Çəkisi: təxminən 48 ton
Asqı sistemi: burulma vallı asqı
Mühərrik: V092S2 12 silindrli dizel mühərriki (1.000 at gücü)
Maksimum sürət: yolda təxminən 60 km/saat (37 mil/saat)
Mənzil: təxminən 550 km
Silahlanma:
125 mm-lik 2A46M yivsiz top
12,7 mm-lik ağır pulemyot
7,62 mm-lik qoşa pulemyot
Hindistanda yerli hazırlanmış aktiv müdafiə sistemi (APS)
Heyət: 3 nəfər (komandir, tuşlayıcı, sürücü)


Hindistan tank sahəsində özünütəminata yaxınlaşır. Bu isə Rusiya üçün problemdir.

Rusiya ilə bağlanmış T-90S sazişi Rusiya tank sənayesi üçün həyati əhəmiyyət daşısa da, satışın şərtlərindən biri Rusiyanın Hindistana T-90 tanklarının daxili istehsalını qurmaqda yardım etməsi idi. Təxminən iki onillik sonra bu proses demək olar ki, tamamlanıb və Hindistanın Rusiyadan tank tədarükünə ehtiyacı kəskin şəkildə azalıb. Bu isə UVZ-ni yeni müştərilər axtarmağa məcbur edir.

2000-ci illərin əvvəlindən etibarən Hindistanın dövlətə məxsus “Ordnance Factory Board” qurumu Rusiyadan dəst şəklində idxal olunan 500-dən çox T-90S tankını Ağır Texnika Zavodunda (HVF) yığıb. Həmin müəssisəyə 2006 və 2007-ci illərdə əlavə 1.000 T-90S “Bhishma” əsas döyüş tankı istehsal etmək tapşırılıb və onlardan 400-ü 2019-cu ilin sonunadək təhvil verilib.

Hətta yeni müştərilər tapılmasa belə, Ukraynada davam edən müharibə səbəbindən Rusiyanın istehsal xətləri yaxın zamanda təhlükə ilə üzləşmir. Lakin Ukrayna müharibəsi həm də vaxtilə qabiliyyətli hesab olunan əsas döyüş tankının ucuz pilotsuz uçuş aparatları qarşısında aciz qala biləcəyinin göstəricisi ola bilər.

Tez-tez olduğu kimi, “Rostec” və onun törəmə şirkətləri alıcıların gələcək təhdidlərə qarşı nə axtardığını düzgün qiymətləndirməyərək geri qala bilər və müştərilərə on il və ya daha əvvəl yaxşı işləyən platforma təklif edə bilərlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-90S  


Bizi "telegram"da izləyin