Ordu.az xəbər verir ki, Polşanın dövlət müdafiə qrupu PGZ-nin törəmə şirkətləri ilə Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti arasında 4 yeni saziş imzalanıb.
Bu strateji paket K2PL variantının və zirehli təxliyə maşınlarının (ARV) Polşada yerli montaj xəttində istehsalını, servis xidmətlərini və geniş yerliləşdirmə proseslərini əhatə edən subpodrat müqaviləsini nəzərdə tutur.
Müqavilə K2PL tanklarında ön-arxa kameralar və ətalətli naviqasiya sistemi kimi Polşa istehsalı avadanlıqların istifadəsini nəzərdə tutan yerli istehsal strategiyasını, həmçinin istehsalçı “Bumar-Łabędy” ilə dövlət şirkətləri PCO və “Wojskowe Zakłady Elektroniczne” arasında təchizat protokollarını da əhatə edir. Bundan əlavə, hazırda Polşa inventarında olan əsas K2GF modellərinə dair servis sazişi də imzalanan paketə daxildir.
Digər tərəfdən, saziş çərçivəsində polşalı personal Cənubi Koreyada əlavə təlimlərə cəlb olunacaq. “Hyundai Rotem” rəsmisi məsələ ilə bağlı bildirib: “K2 tankının ilk xarici istehsalı üçün konkret yerli istehsal planı hazırlayaraq Polşadakı K2 tankı layihəsinin genişləndirilməsi istiqamətində mühüm təməl atdıq. Polşanın milli təhlükəsizliyinə və sənaye rəqabət qabiliyyətinə töhfə vermək üçün maksimum səy göstərərkən, eyni zamanda ölkədə dayanıqlı müdafiə ekosisteminin qurulmasına dəstək verəcəyik”.
Rusiya-Ukrayna müharibəsindən dərs götürüldü
Müqavilələr K2PL variantının yerli istehsalını qurmağa yönəlmiş geniş proqramın bir hissəsini təşkil edir. Bu çərçivədə “Hyundai Rotem”un baş icraçı direktoru Yonq-be Li bildirib ki, sözügedən variant Polşanın strateji ehtiyaclarını və gələcəyin döyüş meydanı tələblərini qarşılayacaq şəkildə hazırlanıb. Li qeyd edib ki, Polşanın geniş düzənlikləri və bataqlıq əraziləri tankın aktiv asqı sisteminin effektivliyini artıq sübut edib.
Digər tərəfdən, Ukraynadakı müharibədən əldə olunan təcrübələrin də layihələndirmə prosesinə istiqamət verdiyini bildirən Li deyib: “Bundan əlavə, gücləndirilmiş zirehlə yanaşı, pilotsuz uçuş aparatı qarışdırma və “hard-kill” aktiv müdafiə sistemlərinin inteqrasiyası ilə gələcək müxtəlif təhdidlərə qarşı sağqalma qabiliyyəti artırılıb”.
İlk tankların 2028-ci ilin sonunadək xidmətə qəbul ediləcəyi gözlənilir. Polşa bu istiqamətdə K2 tanklarının istehsalı və baxımı sahəsində Avropanın logistika mərkəzi olmağı hədəfləyir. Belə ki, Polşanın ümumilikdə 1.000 ədəd K2 tankı təhvil alması planlaşdırılır, bu tankların 500-dən çoxu isə birbaşa Polşada K2PL variantında istehsal ediləcək.
Sevinc Əliyeva
Ordu.az