Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türk müdafiə sənayesi aviasiya sahəsində daha bir böyük ixrac uğuruna imza atıb. “TUSAŞ” tərəfindən istehsal edilən Türkiyənin ilk milli reaktiv təlim təyyarəsi HÜRJET-in İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsinə yönəlmiş rəsmi proses Madriddəki “Airbus” obyektlərində keçirilən imza mərasimi ilə tamamlanıb.
Mərasimdə TUSAŞ rəsmiləri, İspaniya müdafiə tədarük qurumları və “Airbus” nümayəndələri iştirak ediblər. İmzalanan müqavilə çərçivəsində HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin təlim təyyarəsi ehtiyacını qarşılamaq üçün Avropa səmasında yerini alacaq.
Avropa bazarında kritik hədd aşıldı
HÜRJET-in İspaniyaya ixracı türk aviasiya platformalarının yüksək texnologiya seqmentində Avropa İttifaqı və NATO üzvü olan ölkəyə həyata keçirdiyi ilk böyükmiqyaslı reaktiv təyyarə satışı olması baxımından strateji əhəmiyyət daşıyır. Sözügedən əməkdaşlığın Türkiyə və İspaniya arasındakı müdafiə sənayesi tərəfdaşlığını yeni səviyyəyə daşıması gözlənilir.
Müasir reaktiv təlimin yeni aktoru: HÜRJET
Tək mühərrikli, tandem oturacaqlı və müasir avionik dəstlərə malik olan HÜRJET üstün performans xüsusiyyətləri ilə müasir döyüş təyyarələri üçün kritik “reaktiv təkmilləşdirmə təlimi” təyyarəsi kimi dizayn edilib. İspaniyanın mövcud təlim təyyarəsi parkını yeniləmə layihəsində önə çıxan HÜRJET çoxməqsədli quruluşu ilə sadəcə təlim deyil, yüngül hücum və akrobatik nümayiş tapşırıqlarını da icra edə bilir.
TUSAŞ-ın bu uğurunun HÜRJET-in dünya bazarındakı digər potensial müştəriləri üçün də istinad təşkil edəcəyi və ixrac potensialını artıracağı qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az