Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının müdafiə naziri Vellinqton Ku verdiyi açıqlamada Çinin bu cür sanksiyalarının ilk olmadığını və Taypeyin silah təchizatı qabiliyyətinə təsir etməyəcəyini bildirərək Pekinin addımını kiçildib.
“Reuters”in xəbərinə görə, Pekinin cümə günü açıqladığı sanksiya siyahısı xüsusilə Avropada yerləşən şirkətləri hədəf alması baxımından nadir görülən hal kimi qiymətləndirilir. Xəbərə görə, siyahıda yer alan 7 şirkətdən 4-nün Çexiyada yerləşməsi Tayvan administrasiyasının son illərdə, xüsusilə 2022-ci il Rusiya-Ukrayna müharibəsindən sonra Mərkəzi və Şərqi Avropada tapdığı diplomatik dəstəyi sübut edir. Tayvan administrasiyası son 30 ildə Pekinin reaksiyasından çəkinən Avropadan döyüş təyyarəsi kimi böyük maddəli hərbi texnika ala bilməsə də, kritik komponent və texnologiya təchizatı üçün regionla əlaqələrini gücləndirirdi.
Parlamentdə deputatların suallarını cavablandıran nazir Ku Yaponiyanın ötən həftə silah ixracı məhdudiyyətlərini aradan qaldırmasından sonra Tokiodan silah alışı ehtimalını da qiymətləndirib. Hazırda Yaponiya ilə müdafiə texnikası və texnologiya transferi razılaşmasının olmadığını bildirən Ku “Gələcəkdə heç bir ehtimal istisna edilə bilməz, lakin hazırda transfer razılaşması mövcud deyil” deyərək açıq qapı saxlayıb.
Yaponiya və Çin arasındakı münasibətlər Yaponiyanın Baş naziri Sanae Takaiçinin noyabr ayında etdiyi sərt çıxışdan etibarən ən aşağı səviyyəsində davam edir. Takaiçi Tayvan administrasiyasıa yönəlmiş mümkün Çin hücumunun Yaponiyanın həyatda qalmasını təhdid etməsi halında hərbi cavab verilə biləcəyinə işarə etmişdi. Çin tərəfi isə Yaponiyanın silah ixracı qaydalarını yumşaltmasından dərin narahatlıq duyduğunu təkrarlamağa davam edir.
Sanksiya tətbiq edilən şirkətlər və sektorlar
Pekinin “ikili istifadə məhsulları”nın, yəni həm mülki, həm də hərbi məqsədlə istifadə edilə bilən texnologiya və xammalların ixracını qadağan etdiyi qurumlar arasında bu adlar önə çıxır:
“Hensoldt AG” (Almaniya): Xüsusilə radarlar və aviasiya elektronikası sahəsində ixtisaslaşmış müdafiə şirkəti.
“FN Browning” və “FN Herstal” (Belçika): Dünyaca məşhur odlu silah istehsalçıları.
“Excalibur Army” və “Omnipol” (Çexiya): Regionun mühüm hərbi vasitə və sursat təchizatçıları.
“SpaceKnow” və “VZLU Aerospace” (Çexiya): Peyk görüntüləmə və aviasiya araşdırma mərkəzləri.
Pekinin tətbiq etdiyi qadağa yalnız hazır məhsulları deyil, pilotsuz uçuş aparatı istehsalı, yarımkeçiricilər və qabaqcıl radar sistemləri üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərini, proqram təminatını və xammalları da əhatə edir. Çin bu şirkətlərə Çin mənşəli məhsulların üçüncü tərəflər üzərindən transferini də qadağan edərək çərçivəni daraldıb.
Sevinc Əliyeva
Ordu.az