Ordu.az xəbər verir ki, ümumi dəyəri 2,3 milyard Avstraliya dolları olan investisiyanın qarşıdakı on il ərzində ordunun atəş gücünü əhəmiyyətli dərəcədə genişləndirməsi hədəflənir.
Yeni alay və 500 kilometr mənzil hədəfi
Qərar çərçivəsində Cənubi Avstraliyadakı Edinburq Müdafiə Kompleksində ikinci uzunmənzilli atəş alayı yaradılacaq. Avstraliyalı rəsmilər bu addımın rəqabətli qiymətləndirmə prosesindən sonra atıldığını bildiriblər.
Yeni strukturla Avstraliya Müdafiə Qüvvələrinin 500 kilometrədək məsafədəki hədəfləri nişanalma qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
1000 kilometri aşan mənzil perspektivi
“Precision Strike Missile”ın sonrakı mərhələlərində mənzilin 1000 kilometrin üzərinə çıxarılması nəzərdə tutulur. Bu genişlənmə ilə Avstraliyanın regional böhranlara müdaxilə qabiliyyətinin gücləndirilməsi və müttəfiq qüvvələrlə birgə əməliyyat bacarığının artırılması hədəflənir.
37 milyard dollarlıq geniş investisiya planı
2026-cı il İnteqrasiya Edilmiş İnvestisiya Proqramı çərçivəsində Avstraliyanın qarşıdakı on il ərzində hədəfləmə sistemləri və uzunmənzilli zərbə qabiliyyətlərinə ümumilikdə 37 milyard Avstraliya dollarına qədər investisiya qoymağı planlaşdırdığı açıqlanıb. Bu investisiyalar quru, dəniz və hava elementlərini əhatə edir.
HIMARS hazırda aktiv istifadədədir
HIMARS sistemi Avstraliya ordusunun mövcud uzunmənzilli atəş alayı tərkibində hazırda istifadə olunur. Sistem “Talisman Sabre 25” təlimi zamanı planlaşdırılandan iki il əvvəl “Precision Strike Missile” ilə atış həyata keçirib.
Rəsmilər ikinci alayın mövcud qabiliyyəti tamamlayaraq yüksək hərəkətlilikli uzunmənzilli zərbə qabiliyyəti təmin edəcəyini ifadə ediblər.
Yerli raket istehsalı hədəfi
Avstraliya eyni zamanda yerli raket istehsalı qabiliyyəti yaratmağı hədəfləyir. HIMARS sistemlərində istifadə olunacaq sursatların bu sənaye planının mühüm hissəsini təşkil edəcəyi bildirilir.
Bu çərçivədə Avstraliya istehsalı olan idarəolunan Yyalım Atəşli Raket Sistemi (GMLRS) raketinin qısa müddət əvvəl sınaqdan keçirildiyi açıqlanıb. Həmçinin Avstraliya ilə ABŞ-nin “Precision Strike Missile” istehsalına yönəlmiş əməkdaşlıq proqramını ötən il başlatdığı bildirilib.
Hökumətdən strateji vurğu
Avstraliyanın Baş nazirinin müavini Riçard Marls sözügedən investisiyanın ölkənin müdafiə qabiliyyətləri baxımından mühüm addım olduğunu bildirərək, bu qərarın Avstraliya Müdafiə Qüvvələrinin gücünü artıracağını və ölkənin təhlükəsizliyinə töhfə verəcəyini ifadə edib.
Müdafiə Sənayesi naziri Pat Konroy isə proqramın yerli istehsal qabiliyyətini dəstəkləyəcəyini vurğulayaraq, Avstraliya Ordusunun daha güclü uzunmənzilli zərbə qabiliyyətinə ehtiyac duyduğunu və bu ehtiyacın qarşılandığını bildirib.
Sevinc Əliyeva
Ordu.az