Tuapse hakimiyyəti PUA-ların zərbəsindən zədələnmiş terminalın yaxınlığında təxliyə elan edib

2024/01/1706159537.jpg
Oxunub: 399     13:19     28 Aprel 2026    
Tuapsedə neft emalı zavodunda baş verən yanğın səbəbindən təxliyəyə başlamaq qərara alınıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Yanğın Ukrayna pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaranıb. “Koşkin, Puşkin küçələrinin və yaxınlıqdakı döngələrin hörmətli sakinləri, alovun yayılması təhlükəsi ilə əlaqədar Tuapse bələdiyyə rayonunun administrasiyası sizdən təxliyə olunmağı xahiş edir”, - deyə şəhər meri Sergey Boyko yazıb. Onun sözlərinə görə, insanlar avtobuslarla yerli 6 saylı məktəbin bazasında hazırlanmış müvəqqəti yaşayış yerinə aparılacaqlar.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev də Tuapse sakinlərini “təhlükəsizlik mülahizələrindən çıxış edərək” təxliyə olunmağa çağırıb. O, neft emalı zavodunda başlayan “genişmiqyaslı yanğın” barədə məlumat verərək dəqiqləşdirib ki, yanğınla 164 xilasedici və 46 texnika mübarizə aparır, qüvvələrin sayının artırılacağını əlavə edib. Ukrayna pilotsuz uçuş aparatları aprelin 28-nə keçən gecə Tuapse zavoduna hücum edib.

Hakimiyyətin məlumatına görə, zərərçəkən yoxdur. Bu, son iki həftədə həmin zavoda qarşı həyata keçirilən artıq üçüncü zərbədir: əvvəlkilər aprelin 16-da və 20-də baş vermiş, ekoloji fəlakətə səbəb olmuşdu. Günlərlə davam edən yanğın nəticəsində havada zərərli maddələrin konsentrasiyası icazə verilən normanı bir neçə dəfə keçib, şəhərə “neft yağışı” yağıb, bundan başqa, neft məhsullarının çaya və Qara dənizə sızması baş verib.

Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hücumlar nəticəsində 24 anbarın məhv edildiyini, daha dördünün isə zədələndiyini bəyan etmişdi. Zavod “Rosneft” şirkətinə məxsusdur və ölkənin on ən böyük müəssisəsi sırasına daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tuapse   PUA  


Bizi "telegram"da izləyin