Ordu.az xəbər verir ki, açıqlama Rusiyanın hərbi rəsmilərinin Pxenyana səfəri zamanı edilib.
Pxenyan administrasiyası Rusiyanın Ukraynadakı müharibəsinə dəstək məqsədilə minlərlə əsgər, həmçinin raket və sursat göndərişi həyata keçirib.
Analitiklərə görə, Şimali Koreya bunun qarşılığında Rusiyadan maliyyə dəstəyi, hərbi texnologiya, ərzaq və enerji alır. Bu vəziyyət Pxenyanın qadağan olunmuş nüvə proqramına görə məruz qaldığı ağır beynəlxalq sanksiyalardan yayınmasına kömək edir.
İki ölkə 2024-cü ildə imzaladıqları hərbi saziş çərçivəsində tərəflərdən birinə hücum olacağı təqdirdə “gecikmədən” hərbi yardım göstərmək öhdəliyi götürmüşdü.
Rusiya müdafiə naziri Andrey Belousov Şimali Koreyanın rəsmi adı olan Koreya Xalq Demokratik Respublikasının (KXDR) qısaltmasından istifadə edərək bildirib: “Müdafiə Nazirliyi ilə hərbi əməkdaşlığımızı sabit və uzunmüddətli zəminə oturtmaq barədə razılığa gəldik”.
Belousov həmçinin “2027-2031-ci illəri əhatə edən Rusiya-Koreya hərbi əməkdaşlıq planını bu il imzalamağa hazırıq” ifadələrini işlədib.
Kursk əməliyyatı və qarşılıqlı dəstək
Rusiya rəsmiləri Ukraynaya qarşı aparılan müharibədə həyatını itirənlərin xatirəsinə inşa edilən memorial kompleksin açılışı üçün Pxenyandadır.
Belousov bazar günü Şimali Koreya lideri Kim Çen In və müdafiə naziri No Kvan Çol ilə görüşüb. Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin də Kim ilə görüşərək Şimali Koreya əsgərlərinin “Kurskun azad edilməsindəki” roluna görə təşəkkür edib.
Pxenyan Ukrayna ordusunun aylarla davam edən əks-hücumuna qarşı çıxmaq məqsədilə Rusiyanın qərbindəki Kursk bölgəsinə əsgər yerləşdirib.
Rusiya Müdafiə Nazirliyinə görə, Belousov Kursk əməliyyatında iştirak edən Şimali koreyalı əsgərlərə hərbi mükafatlar təqdim edib.
Volodin qeyd edib: “Koreyalı əsgərlər ukraynalı nasistlərdən Rusiya torpaqlarını azad edərkən əsgərlərimiz və zabitlərimizlə çiyin-çiyinə döyüşdülər”.
Seul administrasiyası Rusiyanın Ukraynadakı müharibəsində təxminən 2000 Şimali Koreya əsgərinin həyatını itirdiyini təxmin edir.
Şimali koreyalı əsgərlərə əsir düşmək əvəzinə özlərini öldürmək barədə göstəriş verildiyi iddia olunur.
İndiyədək yalnız iki Şimali Koreya əsgəri sağ olaraq ələ keçirilib və Ukrayna hakimiyyətinin nəzarətində saxlanılır.
Sevinc Əliyeva
Ordu.az