“Hraparak”: Paşinyanın komandası Putinin danlağını ağır qəbul edib

2026/04/1775893732.jpg
Oxunub: 44     16:48     11 Aprel 2026    
Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanı açıq şəkildə danlamasını “Vətəndaş Müqaviləsi”ndə ağır qarşılayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri “Paşinyanın komandası Putinin danlağını ağır qəbul edib” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Paşinyanın özü də Moskva səfərindən, aprelin 1-dəki görüşdən qayıtdıqdan sonra siyasi rəqiblərinə və xüsusilə Samvel Karapetyana qarşı ritorikasını daha da sərtləşdirib, hətta Karapetyanın “bomj” olmasından danışıb.

“Xatırladaq ki, Putin Paşinyanı xəbərdar edərək danlamışdı ki, Ermənistanda Rusiya pasportu olan bir şəxs siyasətlə məşğul olmağa cəhd etdiyinə görə azadlıqdan məhrum edilib. “Bu sizin qərarınızdır, biz qarışmırıq. Amma istərdik ki, onlar bu daxili siyasi işdə iştirak edə bilsinlər”, - deyə o qeyd etmişdi və vurğulamışdı ki, Moskva hər zaman erməni xalqının maraqlarını rəhbər tutacaq.

Paşinyan yerindəcə Putinə cavab verdi ki, bizim qanunvericiliyə görə Ermənistan seçkilərində yalnız Ermənistan pasportu olan şəxslər iştirak edə bilər, Rusiya pasportu olanlar isə nə deputat, nə də baş nazir namizədi ola bilməzlər. Buna baxmayaraq, onun komanda yoldaşları Karapetyanın tərəfdarlarının açıqlamaları ilə mübarizəni davam etdirirlər və dünən Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyanı parlamentdə divara dirəmişdilər ki, niyə xalqı “çaşdıran” qüvvələrlə bağlı addım atmır. Hovakimyan Dövlət-hüquq komissiyasına Mərkəzi Seçki Komissiyasının 2024-2025-ci illərdəki fəaliyyəti haqqında hesabatı təqdim etməyə getmişdi”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, məsələn, “Vətəndaş Müqaviləsi”ndən Lilit Minasyan müxalif qüvvələrin arxasında gizlənərək MSK sədrindən partiyaların qeydiyyatının rədd olunması üçün hansı prosedurların mövcud olduğunu soruşub.

“Yeri gəlmişkən, Vahaqn Hovakimyan açıq şəkildə keçmiş komanda yoldaşlarının təxribatlarına uymamaq istəyirdi. Bəzi məlumatlara görə, bir neçə gün əvvəl Ermənistandakı Rusiya səfiri Kopırkin Vahaqn Hovakimyana əlavə xəbərdarlıq edib ki, siyasi oyunları bağışlamayacaqlar. Halbuki Hovakimyan ötən gün səfirin səfəri barədə deyib ki, bu, adi səfər idi, sadəcə hazırlıq işləri ilə tanış olmağa gəlmişdi.

Hər halda, Lilit Minasyanın sualına cavab olaraq Hovakimyan deyib: “Bizim Seçki Məcəlləmiz o qədər liberaldır ki, siyasi qüvvənin qeydiyyatdan keçməməsi üçün sənədləri qəsdən təqdim etməməsi lazımdır. Əks halda, sənədlər natamam təqdim edilirsə, Seçki Məcəlləsi tələb edir ki, həmin siyasi qüvvəyə çatışmazlıqları aradan qaldırmaq üçün 48 saata qədər vaxt verək”. Hətta Dövlət-hüquq komissiyasının üzvü olmayan Babken Tunyan da müzakirəyə gəlmişdi və yenə Karapetyanın komandasının fəaliyyəti ilə maraqlanırdı. Əvvəlcə 2021-ci ildə xaricdən nə qədər adamın gəlib seçkilərdə iştirak etdiyini aydınlaşdırmağa çalışdı, lakin Hovakimyan ona da cavab verdi ki, bunu başqa qurumlardan dəqiqləşdirmək lazımdır. Sonra o, bəzi müxaliflərin xalqı çaşdırdığını, aldatdığını, filan şəxsin baş nazirliyə namizəd olacağını dediklərini bildirdi, halbuki həmin şəxs konstitusion tələblərə uyğun gəlmir. O, xalqı çaşdıran qüvvələrə qarşı addım atılmasını MSK rəhbərindən tələb edirdi. Vahaqn Hovakimyan isə xatırlatdı ki, Ermənistanda söz azadlığı var, hər kəs istədiyini bəyan edə bilər: “Siyasi xadimlər azaddırlar, nə istəyirlərsə, bəyan edərlər, bizim konstitusiyamız aydın şəkildə müəyyən edir ki, kim deputat, kim hökumət üzvü ola bilər, qalan məsələdə insanlar azaddırlar, necə istəyirlərsə, elə də bəyan edirlər”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” qrupuna vaxtilə müxalifətdə olmuş Geğam Nazaryan da qoşulub, onu Vahaqn Hovakimyanın dişsiz cavabları açıq şəkildə əsəbiləşdirirdi.

“Bunu iclasın digər iştirakçıları da sezmişdilər. İclası aparan Arusyak Culhakyan yerindən replika atdı, sonra sözü Nazaryana verdi: “Hiss edirdim ki, yerinizdən partlamaq üzrəsiniz, indi partlayışınızı ifadə edə bilərsiniz”. Nazaryanın yeddi sualı var idi, yeddisi də müxalifətə qarşı idi.

44 günlük müharibədə ölmüş Abqar Nazaryanın atası üçün, məsələn, Ermənistandan kənarda yaşayan vətəndaşın onun necə yaşayacağını niyə müəyyən etməli olduğu anlaşılmazdır. Məlumatlar var ki, həmvətənlərimiz Rusiyadan gəlib Paşinyana qarşı səs vermək niyyətindədirlər.

Daha sonra Babken Tunyanın fikrini təkrarladı və Samvel Karapetyanla onun komandasını nəzərdə tutaraq soruşdu ki, seçkilərdən sonra, məsələn, baş nazirin timsah Gena olacağını deyib aldatmaları normaldırmı?

Sonra müxalifətə qarşı kampaniyanı davam etdirərək soruşdu ki, hamı bunu çoxdan etdiyi halda seçki kampaniyasının müddətini müəyyən etməyin nə mənası var. Və yəqin ki, “Güclü Ermənistan” siyahısında yer alan Edqar Qazaryana işarə edərək gileyləndi ki, niyə deputatları ələ salan adam siyahıda qeydiyyatdan keçməlidir. Nazaryan yəqin ki, amneziyadan əziyyət çəkir və unutmuşdu ki, siyasi xadimləri ən çox lağa qoyan adam Nikol Paşinyandır. Vahaqn Hovakimyan onun gözləntilərini də doğrultmadı: “Əgər timsah Gena Ermənistan vətəndaşıdırsa və 25 yaşı tamam olubsa, o zaman ola bilər”.

Beləliklə, Rusiyadan aldıqları sərt xəbərdarlıqlara baxmayaraq, hakim qrup eyni üslubla hərəkət etməyə davam edir”, - deyə müəllif qeyd edib.

Nəşrin mənbələri bildirirlər ki, Paşinyan heç cür Moldova ssenarisindən imtina etmir, lakin başqa taktika seçiblər və bunu öz əlləri ilə etməyəcəklər, cib QHT-ləri vasitəsilə həyata keçirəcəklər.

“Sonuncular artıq tapşırıq alıblar ki, müxalifətin seçki kampaniyasını diqqətlə izləsinlər, təşviqat qaydalarının pozulması hallarını qeydə alsınlar, şikayətləri Mərkəzi Seçki Komissiyasına ünvanlasınlar və bu əsasla qüvvələrin qeydiyyatının dayandırılmasına nail olsunlar”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin