Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasının qurultayında, “Ermənistana Təklif” proqramı və komandasının təqdimatı zamanı çıxışında “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan bildirib.
“Biz xalqa 10 təkliflə müraciət edirik, onların bir hissəsini indi səsləndirəcəyəm. Əvvəlcə zəmanətli sülh və təhlükəsizlik barədə. Bu gün əlimizdə olan müvəqqəti şou xarakterli atəşkəsdir və xalqımızı aldatmasınlar ki, artıq sülh bərqərar edilib. Zəmanətli və sabit sülh üçün öz gücümüzə arxalanmaq, etibarlı müttəfiqlərə malik olmaq, balanslaşdırılmış xarici siyasət yürütmək lazımdır, Ermənistanı geosiyasi xırda pula çevirmək, ölkəmizi toqquşma meydanına çevirmək olmaz.
2008-ci ilin Gürcüstanı, bugünkü Ukrayna bizim dərs çıxarmalı olduğumuz nümunələrdir. Məgər Qarabağın itirilməsi bizə dərs olmadımı? Əminəm ki, xalqımızın böyük hissəsi artıq hər şeyi anlayıb. Biz erməni ordusunu bərpa edəcəyik, onu peşəkar əsaslar üzərində quracağıq. Biz təbii müttəfiqlərimiz olan Rusiya və İranla münasibətləri də bərpa edəcəyik”, - deyə Tevanyan qeyd edib.
Tevanyan bildirib ki, hazırkı hakimiyyətin apardığı avantürist, düşüncəsiz və yalnız öz dar maraqlarına əsaslanan siyasət nəticəsində Ermənistan indi Rusiya ilə azı iqtisadi müharibənin astanasında dayanıb.
“Bunun nəticəsində aviaşirkət daşımaları dayana bilər, qazın qiyməti üç dəfədən çox arta bilər, kəndli məhsulunu satmaq problemi ilə üzləşər, Rusiya Federasiyasına ixrac sıfırlanar, istehsalçılar və kəndlilər zərər çəkər, Rusiyada erməni iş adamları üçün problemlər yaranar, oradan pul göndərilməsinə imkan verilməz. Sual yaranır: bu kimə sərf edir? Cavab aydındır: Ermənistana yox.
Əlbəttə, bizim də Rusiyaya suallarımız var, cəmiyyətimizdə də Rusiyanın davranışı ilə bağlı müəyyən problemlər yığılıb, amma biz bu məsələləri dostcasına həll etmək, ölkəmiz üçün fayda təmin etmək məqsədilə qaldıracağıq, süni qarşıdurma yaratmaq və düşmənçilik etmək məqsədilə yox. Biz xarici siyasət sahəsində maraqların uzlaşdırılmasını həyata keçirməli və hamı ilə qarşılıqlı faydalı münasibətlər qurmalıyıq, erməni-gürcü münasibətlərini dərinləşdirməliyik, ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin inkişafı da bizim maraqlarımıza uyğundur.
Xüsusilə, Ermənistan vətəndaşları üçün Avropa İttifaqına vizasız rejimin tətbiqi istiqamətində fəal danışıqlar aparılmalıdır. Səkkiz ildə bu guya qərbyönlü hakimiyyət bu problemin həllinə bir metr belə yaxınlaşmayıb. Məhz buna görə deyirik ki, bu qərbyönümlüdür, o rusiyayönümlüdür kimi ifadələr boş sözdür. Çin, Hindistan, ərəb ölkələri ilə əlaqələrin inkişafı nəhəng iqtisadi fayda gətirə bilər. Nəyə görə biz milyardlarla sərmayə alan Gürcüstandan geri qalmalıyıq?” - deyə Tevanyan bildirib.
Erməni partiya sədri Ermənistan-Türkiyə münasibətlərinə toxunaraq vurğulayıb ki, onlar heç bir ilkin şərt olmadan dövlətlərarası münasibətlərin qurulmasının tərəfdarıdırlar: “Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə isə, biz sülh yolu ilə tənzimlənmənin tərəfdarıyıq”.
İqtisadi siyasət barədə danışan Tevanyan qeyd edib: “Bizim qarşıdakı beş ildə ÜDM-i iki dəfədən çox artırmaq üçün bütün imkanlarımız var. Rəqabətqabiliyyətli iqtisadiyyat və ağlabatan vergi siyasəti aşağıdakı addımları nəzərdə tutur: 10 rayonda vergidən azad edilmiş 10 sənaye zonası yaratmaq. Qarşıdakı iki il ərzində minimum əməkhaqqını mərhələli şəkildə 150 000 drama çatdırmaq. İllik dövriyyəsi 60 milyon drama qədər olan mikrobiznes nümayəndələri dövriyyə vergisindən azad edilməlidir, yəni mikrobiznes üçün 0% vergi tətbiq olunmalıdır. İllik dövriyyəsi 60 milyondan 180 milyon drama qədər olan kiçik biznes üçün dövriyyə vergisi 1% müəyyən edilməlidir. Biz əmlak vergisinin həcminin azaldılmasını təklif edirik, çünki bu, açıq-aşkar qarətdir.
Vətəndaşlarımızın bank faizlərinin altında əzilməsi ciddi problemdir. Biz kredit əsarətinə və bank reketinə qarşıyıq. Buna görə də, xüsusilə 5 milyon drama qədər krediti olanlar üçün cərimələr hissəsində amnistiya elan etməyi və insanları bu kredit əsarətindən azad etməyi təklif edirik”.
O, yoxsulluq probleminə toxunaraq vurğulayıb: “Yoxsulluğun aradan qaldırılması bizim üçün şərəf məsələsidir. Təklif edirik ki, aylıq pensiyanın minimum məbləği 2027-ci ildən mərhələli şəkildə 100000 dram olsun və hər il pensiyaların məbləği əvvəlki ilin inflyasiyası həcmində artırılsın”.
Alpər Mövludoğlu
Ordu.az