Azərbaycan ilə Türkiyə arasında yeni əməkdaşlığa start verilir

2026/04/photo-1775762096.jpg
Oxunub: 647     23:04     09 Aprel 2026    
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında müdafiə sahəsində yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Defenceturk.net” nəşri məlumat yayıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor Haluk Görgün rəsmi “X” hesabında paylaşım edərək Azərbaycan ilə Türkiyə arasında yeni razılaşmanın əldə olunduğunu bildirib. Bu çərçivədə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi arasında strateji bacarıqların inkişafını və ekosistemin transformasiyasını hədəfləyən əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni Türkiyənin Müdafiə Sənayesi Komitəsi adından komitənin sədr müavini professor Hakan Karataş, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi adından isə nazir müavini Hidayət Əzimov imzalayıb. Haluk Görgün paylaşımında bildirib:

“Müdafiə sənayesində ortaya qoyduğumuz bütöv ekosistem yanaşması artıq yalnız platforma və məhsul inkişaf etdirmə qabiliyyəti ilə deyil, həm də institusional strukturu, idarəetmə modeli və davamlı sənayeləşmə anlayışı ilə beynəlxalq miqyasda nümunə götürülən səviyyəyə çatıb. Dost və qardaş ölkələr yalnız texnologiyaya deyil, bu texnologiyanı mümkün edən sistem arxitekturasına da maraq göstərir. Bu anlayış əsasında Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İdarəmiz arasında müdafiə sənayesində strateji bacarıqların inkişafı və ekosistem transformasiyasını hədəfləyən əməkdaşlıq müqaviləsi imzaladıq.

Bu əməkdaşlıq çərçivəsində müdafiə sənayesində idarəetmə modeli, təchizat və müqavilə idarəetməsi strukturları, tədqiqat və inkişaf, məhsul inkişafı və texnologiya əldə etmə prosesləri, sənayeləşmə və ixrac arxitekturası, insan resurslarının inkişafı və bilik transferi sahələrində geniş transformasiya perspektivi formalaşdırılacaq. Bu addım iki qardaş ölkə arasında strateji əməkdaşlığın dərinləşməsi ilə yanaşı, Türkiyənin müdafiə sənayesi modelinin qlobal miqyasda dəyərinin konkret göstəricisidir”.


Digər tərəfdən, son günlərdə Cənubi Koreyanın aparıcı hüceyrə inkişaf etdiricisi texnologiya şirkəti “Top Material” ilə “ASPİLSAN Enerji” rəhbərliyində həyata keçiriləcək litium-ion batareya istehsal xətti investisiyası, texnologiya transferi və ixrac əməkdaşlığını əhatə edən geniş müqavilə imzalanıb.

Bu çərçivədə litium-ion batareya hüceyrəsi istehsal xəttinin qurulması üçün 5,2 milyon dollar dəyərində açar təslim müqavilə ilə yanaşı, “ASPİLSAN Enerji”nin elektrod materiallarının ixracına yönəlmiş 600 min dollar dəyərində əlavə əməkdaşlıq protokolu da həyata keçirilib.

Bu layihə ilə “ASPİLSAN Enerji” yerli istehsal və qabaqcıl mühəndislik imkanlarını daha da gücləndirəcək, “Top Material” isə texnologiya transferi və istehsal xəttinin qurulması proseslərində iştirak edəcək. Bu razılaşma “ASPİLSAN Enerji” ilə “Top Material” arasında 2021-ci ildən davam edən əməkdaşlığın strateji olaraq daha yüksək səviyyəyə yüksəldiyini göstərir. Daha əvvəl Türkiyədə qurulan ilk silindrik litium-ion batareya hüceyrəsi istehsal infrastrukturuna töhfə verən bu əməkdaşlıq yeni investisiya ilə daha da inkişaf edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin