Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Mirzoyan açılış nitqində bildirib: “Ötən gün və bu gün keçirilən təkbətək görüşlər zamanı Ermənistan və Qazaxıstan arasında formalaşmış strateji tərəfdaşlıq gündəliyinin bir sıra məsələlərini müzakirə etdik. İndi isə geniş formatda ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də regional və beynəlxalq proseslərə dair məsələlər üzrə fikir mübadiləsini davam etdirəcəyik.
Münasibətlərimizdə qeydə alınan müsbət və sabit dinamikanı məmnunluqla qeyd edirəm. Sıx siyasi dialoq, yüksək və ali səviyyəli qarşılıqlı səfərlər, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi Ermənistan ilə Qazaxıstan arasında çoxşaxəli əməkdaşlığın inkişafına əlavə təkan verib.
Qeyd etməliyəm ki, münasibətlərimizin inkişafında mühüm mərhələ ötən ilin noyabrında Ermənistan baş nazirinin Qazaxıstana rəsmi səfəri zamanı strateji tərəfdaşlığın təsis edilməsi olub. Əminəm ki, həmin səfər çərçivəsində əldə olunan razılaşmalar ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün möhkəm əsas yaradıb və hazırda ardıcıl şəkildə həyata keçirilir”.
Ermənistan xarici işlər naziri, həmçinin qeyd edib: “Xarici siyasət qurumlarımız arasında formalaşmış yüksək səviyyəli qarşılıqlı fəaliyyət də məmnunluq doğurur, müntəzəm idarələrarası məsləhətləşmələri praktik əməkdaşlığın dərinləşdirilməsi üçün vacib alət kimi qiymətləndiririk.
Geniş gündəliyimizdə xüsusi vurğulanmalı əsas istiqamətlərdən biri də qarşılıqlı bağlılıqdır. Əminəm ki, nəqliyyat və logistika infrastrukturunun inkişafı istiqamətində birgə səylər, o cümlədən Ermənistan hökumətinin “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsü çərçivəsində həyata keçirilən addımlar regionun iqtisadi potensialının daha effektiv istifadəsinə və regionlararası əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Ermənistan Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan ilə əməkdaşlığın bütün istiqamətlər üzrə ardıcıl inkişafına böyük əhəmiyyət verir. Bu kontekstdə ticarət-iqtisadi və investisiya sahələrində mövcud mexanizmlərin, o cümlədən İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın və digər birgə formatların effektiv istifadəsini vacib hesab edirik.
Faydalanaraq qeyd etmək istəyirəm ki, Ermənistan Cənubi Qafqazda sülh gündəliyinə sadiqdir. Bu istiqamətdə göstərilən səylərə Qazaxıstanın dəstəyini yüksək qiymətləndiririk. Bu səfər çərçivəsində uzunmüddətli və institusional sülhün möhkəmləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparmaqdan məmnunam.
Yekun olaraq Ermənistanın Qazaxıstan ilə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu bir daha təsdiqləyirəm. İnanırıq ki, bu əməkdaşlıq xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğundur”.
Yermeq Koşerbayev isə bildirib: “Ermənistan Cənubi Qafqazda Qazaxıstan üçün siyasi və ticarət-iqtisadi baxımdan etibarlı tərəfdaşdır. Qazaxıstan və Ermənistan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Astana şəhərində Ermənistan baş nazirinin səfəri zamanı strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu mühüm addım, şübhəsiz ki, münasibətlərimizi möhkəmləndirəcək və çoxşaxəli əməkdaşlığımız üçün yeni səhifə açacaq”.
Qeyd edilib ki, görüşdə Ermənistan və Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş təşəbbüslər, o cümlədən iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin və biznes əlaqələrinin təşviqi məsələləri müzakirə olunub.
Alpər Mövludoğlu
Ordu.az