Paşinyan Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

2026/04/1775752077.jpg
Oxunub: 408     20:19     09 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın xarici işlər naziri Yermeq Koşerbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyan Qazaxıstan XİN rəhbərinin Ermənistana səfərini alqışlayıb və iki ölkə arasında tərəfdaşlığın strateji xarakterini vurğulayıb. Nikol Paşinyanın sözlərinə görə, son dövrdə baş tutan qarşılıqlı yüksək səviyyəli səfərlər Ermənistan-Qazaxıstan çoxşaxəli əməkdaşlığının inkişafına yeni təkan verir və bunu ikitərəfli münasibətlərin zəngin gündəliyi də təsdiqləyir.

Eyni zamanda, Paşinyan qeyd edib ki, regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasında əməkdaşlığa da müsbət təsir göstərir, xüsusilə Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulan dəmir yolu əlaqəsi ticarət-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir.

“Yermeq Koşerbayev isə Paşinyana Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səmimi salamlarını çatdırıb və bildirib ki, ermənistanlı tərəfdaşlarla qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə səmərəli müzakirələr aparılıb. Qazaxıstan XİN rəhbəri əminliyini ifadə edib ki, qurulan dəmir yolu əlaqəsi ikitərəfli ticarət-iqtisadi münasibətləri əhəmiyyətli dərəcədə genişləndirəcək. Eyni zamanda, Yermeq Koşerbayev regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP və Ermənistan hökumətinin “Sülh kəsişməsi” (hər ikisi Zəngəzur dəhlizi-red.) layihələrinə dəstəyini qeyd edib. O vurğulayıb ki, Qazaxıstan da qeyd olunan layihələrin həyata keçirilməsində və regional ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır.

Nikol Paşinyan və Yermeq Koşerbayev infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya əlaqələri və turizm sahələrində əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. Bu baxımdan Ermənistan və Qazaxıstan arasında yaxın vaxtlarda başlanacaq birbaşa aviareyslərin həyata keçirilməsi xüsusi vurğulanıb. Həmsöhbətlər həmçinin ermənistanlı iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Qazaxıstana planlaşdırılan səfərinin iqtisadi əməkdaşlığa və biznes əlaqələrinin inkişafına əlavə təkan verəcəyini qeyd ediblər”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qazaxıstan  


Bizi "telegram"da izləyin