Ermənistanda qəza baş verib, MN-in 4 əməkdaşı xəstəxanaya çatdırılıb

2026/04/1775662462.jpg
Oxunub: 434     19:45     09 Aprel 2026    
Bu gün Ermənistanın Lori vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

Məlumata görə, saat 09:30 radələrində “Nissan Murano” markalı avtomobil Dilican-Vanadzor avtomobil yolunun 14-cü kilometrində, Lermontovo yaşayış məntəqəsinin inzibati ərazisində hələlik naməlum şəraitdə hərəkət zolağından çıxıb, torpaq təpələrinə çırpılıb və bir neçə dəfə aşaraq dərəyə düşüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə ilk çatan erməni sakinlər olub.

Daha sonra Lori vilayətinin təcili yardım briqadaları, “Vanadzor” tibb mərkəzinin həkimləri, həmçinin Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Vanadzor yanğın-xilasetmə dəstəsinin xilasediciləri, vilayət xilasetmə idarəsinin rəisi Serob Qabrielyanın rəhbərliyi ilə yaralıları “Vanadzor” tibb mərkəzinə çatdırıblar.

Həkimlər yaralıları xəstəxanaya aparmazdan əvvəl hadisə yerində ilk tibbi yardım göstəriblər. Yanğınsöndürən-xilasedicilər daha sonra avtomobili enerjidən ayırıblar və ərazidə növbətçilik həyata keçiriblər.

Hadisə yerinə Ermənistan Müdafiə Nazirliyinin Lori hərbi polisinin əməkdaşları da gəlib. Faktla bağlı istintaq idarəsində cinayət işi başlanıb və sürücünün, eləcə də yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Saytın məlumatına görə, sürücü və 3 yaralı Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

Yaralananlar 34 yaşlı Karine E., 52 yaşlı Nona A., 48 yaşlı Lusaber M. və 39 yaşlı Hermine D.-dir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin