Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“İmonk” fondunun təsisçisi və direktoru Anna Hovhannisyan jurnalistlərə bildirib ki, onlar Ermənistan Baş prokuroru Anna Vardapetyan ilə görüş tələb edirlər. “Davidin ciddi sağlamlıq problemləri var. Bundan əlavə, biz onun təhsil hüququnun pozulduğuna əminik. Biz Vardapetyandan Davidin azadlığa buraxılması və ya həbs qətimkan tədbirinin başqa bir tədbirlə, xüsusən də ev dustaqlığı ilə əvəz edilməsi məsələsini müzakirə etməsini xahiş edirik”, - deyə Hovhannisyan bildirib.
O qeyd edib ki, təhlükəsizlik əməkdaşları etirazçıların iki nümayəndəsinin binaya daxil olmasına və məktub təqdim etməsinə icazə verildiyini bildiriblər. Lakin aksiya iştirakçıları Vardapetyanın şəxsən aşağı düşməsini və onlarla danışmasını tələb edirlər.
Öz növbəsində, erməni vəkil Lusine Martirosyan həmin səhər David Minasyana tibbi mərkəzdə baş çəkdiyini bildirib. Qısa gözləmədən sonra etirazçılar jurnalistlərə Baş prokuror Anna Vardapetyanın onların yanına düşməkdən imtina etdiyini bildiriblər. Erməni prokuror görüşün öz kabinetində keçirilməsində israr edib ki, bu da etirazçıları qane etməyib.
Xatırladaq ki, hadisə martın 29-da Ermənistan Baş naziri Nikol Paşinyanın Müqəddəs Anna kilsəsinə ziyarəti zamanı baş verib. Qardaşlar David və Mikayel Minasyanlar, habelə erməni ictimai xadim Gevorq Gevorqyan xuliqanlıq və vəzifəli şəxsin fəaliyyətinə mane olmaq şübhəsi ilə saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı cinayət işi açılıb. Mikayel Minasyan və Gevorq Gevorqyan ölkədən çıxmamaq barədə iltizamnamə ilə azadlığa buraxılıblar. David Minasyan isə məhkəmənin 1 aprel tarixli qərarı ilə iki ay müddətinə həbs edilib. Anası daha əvvəl onun həbslə bir araya sığmayan xəstəliklərdən əziyyət çəkdiyini bəyan etmişdi. Aprelin 3-də Minasyan “Armavir” cəzaçəkmə müəssisəsindən “Abovyan” islah müəssisəsinə (qadınlar və yetkinlik yaşına çatmayanlar üçün) köçürülüb, bundan sonra onun vəziyyəti pisləşib. O, əvvəlcə Abovyan xəstəxanasına, daha sonra isə İrəvandakı “Nairi” tibbi mərkəzinə yerləşdirilib.
Alpər Mövludoğlu
Ordu.az