KAAN layihəsində təqvim qorunur, ilk təhvil 2028-ci il hədəfindədir

2026/04/1775734802.jpg
Oxunub: 610     15:34     09 Aprel 2026    
TUSAŞ baş direktoru Mehmet Demiroğlu “Fast Company Türkiye”yə verdiyi müsahibədə şirkətin transformasiya prosesini, ixrac hədəflərini və kritik layihələrdə son vəziyyəti dəyərləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

TUSAŞ baş direktoru Mehmet Demiroğlu bildirib ki, TUSAŞ inkişaf yönümlü strukturu geridə qoyaraq artıq “təhvil və miqyaslanma” mərhələsinə keçib.

53 illik transformasiya: etməliyikdən təhvillərə

TUSAŞ-ın tarixi inkişafına toxunan Demiroğlu bildirib ki, şirkət üç əsas mərhələdən keçib. O qeyd edib ki, ilk mərhələ “öz təyyarəsini istehsal etmə vizyonu”, ikinci mərhələ isə F-16 istehsalı ilə formalaşıb. 2005-ci ildən sonrakı dövrü isə tam müstəqil və milli istehsal mərhələsi kimi xarakterizə edib.

Bu gün gəlinən nöqtəni təhvil yönümlü yeni mərhələ kimi qiymətləndirən Demiroğlu bildirib ki, şirkət artıq fərqli miqyasa keçib. Bu transformasiyanı “Artıq ilk uçuşlar və ya ilk ixracla deyil, onlarla, yüzlərlə, minlərlə təhvil ilə xatırlanmaq istəyirik” sözləri ilə ifadə edib.

Təxminən 17 min əməkdaşı olan şirkətdə 7 mindən çoxunun mühəndis olduğunu qeyd edən Demiroğlu vurğulayıb ki, TUSAŞ yalnız istehsal edən struktur deyil, eyni zamanda geniş müdafiə sənayesi ekosistemi yaradan əsas aktorlardan biridir.

Qlobal hədəf böyüyür

Müdafiə sənayesi ixracındakı artıma diqqət çəkən Demiroğlu xatırladıb ki, Türkiyə 2025-ci il etibarilə 10 milyard dollar səviyyəsini keçib. TUSAŞ-ın bu ümumi ixracdakı payına toxunan Demiroğlu bildirib ki, şirkət qlobal hədəflərini genişləndirir.

Bu çərçivədə Demiroğlu qısa və orta müddətli hədəfləri açıqlayaraq deyib: “Bu il ümumilikdə 2 milyard dollar ixracı keçməyi hədəfləyirik. 2030-cu ilə qədər isə dünya reytinqində ilk 25-ə, hətta ilk 20-yə daxil olmağı planlaşdırırıq”.

Artan geosiyasi risklərin müdafiə tələbatını artırdığını bildirən Demiroğlu həm daxili tələbatın qarşılanmasının, həm də ixracın artırılmasının kritik olduğunu vurğulayıb.

Süni zəka yönümlü yeni konsepsiya

Texnoloji transformasiya mövzusunda süni zəkanın müəyyənedici roluna diqqət çəkən Demiroğlu bildirib ki, TUSAŞ bu sahədə ikitərəfli strategiya tətbiq edir. Buna görə həm korporativ proseslərdə səmərəlilik artırılır, həm də platforma səviyyəsində ağıllı sistemlərin inteqrasiyası həyata keçirilir.

Demiroğlu bu yanaşmanı belə izah edib: “Süni zəkanı platformalar üzərində “edge computing” yanaşması ilə istifadə edərək ani məlumatları şərh edib qərar dəstək sistemlərinə çeviririk”.

Bu çərçivədə sürü pilotsuz uçuş aparatı konsepsiyası və pilotlu-pilotsuz birlikdə fəaliyyət (MUM-T) layihələrində aktiv irəliləyiş əldə olunduğu bildirilib.

ANKA-3 və KAAN üçün ixrac müqaviləsi imzalanıb

TUSAŞ baş direktoru Mehmet Demiroğlu ANKA-3 və KAAN layihələri ilə bağlı mühüm detal paylaşıb.

Demiroğlu hər iki platforma üçün ixrac müqaviləsi imzalandığını bildirərək deyib:

“ANKA-3-lərimiz və KAAN-ımız üçün ixrac müqaviləsi imzalanıb. Hələ ortada təyyarə olmadan belə ixrac edilə bilən platforma olması həqiqətən böyük uğurdur”.

KAAN-da test prosesi sürətlənir

Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN layihəsinə də toxunan Demiroğlu bildirib ki, KAAN TUSAŞ üçün kritik mərhələdir. İlk uçuşdan sonra yeni mərhələyə keçildiyini deyən Demiroğlu intensiv test prosesinin başlayacağını qeyd edib.

Bu proseslə bağlı təqvimi açıqlayan Demiroğlu deyib: “2026-da əsas uçuşlarımız başlayacaq. 4-6 prototiplə təxminən iki il davam edəcək intensiv test prosesi planlaşdırırıq”.

İlk təhvil təqviminin dəyişmədiyini bildirən Demiroğlu əlavə edib: “2028-in sonu, 2029-un ilk rübü kimi ilk təhvilimizi həyata keçirməyi hədəfləyirik”.

İstehsalda sıçrayış hədəfi

TUSAŞ-ın istehsal imkanları ilə bağlı diqqətçəkən məlumatlar paylaşan Demiroğlu son 20 ildə təxminən 250 orijinal platforma istehsal edildiyini bildirib. Növbəti 10 il üçün isə daha yüksək hədəf müəyyən edildiyini qeyd edib.

Bu çərçivədə Demiroğlu istehsal vizyonunu açıqlayaraq növbəti dövrdə təxminən 1500 platforma istehsalının hədəfləndiyini bildirib. Bu artımın güclü təchizat zənciri və davamlı ekosistem tələb etdiyi vurğulanıb.

HÜRJET və erkən ixrac uğuru

HÜRJET layihəsinə də toxunan Demiroğlu İspaniya ilə imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb. Hələ inkişaf mərhələsində olan platforma üçün ixrac müqaviləsinin bağlanmasının mühüm uğur olduğunu bildirən Demiroğlu bunu belə ifadə edib: “Hələ ortada təyyarə olmadan ixrac müqaviləsi bağlamaq çox böyük uğurdur”.

GÖKBEY mülki bazara açılır

GÖKBEY helikopterinin mülki sertifikatlaşdırma prosesinin tamamlandığını açıqlayan Demiroğlu bunun Türkiyə üçün mühüm mərhələ olduğunu bildirib.

Bu barədə o deyib: “Artıq GÖKBEY-i mülki sahədə də görə biləcəksiniz. Bu həqiqətən bir mərhələdir”.

6-cı nəsil hədəfi və texnologiya vurğusu

Gələcək vizyonu ilə bağlı danışan Demiroğlu bildirib ki, Türkiyə müdafiə texnologiyalarında yeni mərhələyə çatıb. Süni zəka dəstəkli sistemlər və pilotlu-pilotsuz inteqrasiya gələcəyin döyüş konsepsiyasını müəyyən edəcək.

Demiroğlu bu vizyonu belə ifadə edib: “Artıq izləyən deyil, rəqabət aparan və bəzi sahələrdə önə keçən texnologiya ölkəsinə çevrilmişik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin