Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinq zamanı Ermənistan üçün Rusiyadan idxal olunan qazın qiymətinin mümkün artımı ilə bağlı suala cavab verərkən deyib.
O xüsusilə müxalifət və bəzi ekspertlər tərəfindən səsləndirilən “əgər Rusiyadan idxal olunan qaz bahalaşsa, Ermənistan hökuməti nə edəcək” suallarını qəbuledilməz hesab edib. “Bəs bu baş verməsə, indi belə suallar verənlər nə edəcək?”, - deyə Paşinyan soruşub.
O bildirib ki, Ermənistanın Rusiya ilə uzunmüddətli müqavilələri var.
Paşinyan eyni zamanda vurğulayıb ki, qazın qiymətinin artırılması üçün heç bir əsas yoxdur.
“Tərəflər münasibətləri elə bir məntiq üzərində qura bilməz ki, bir tərəf digərinin bütün mümkün və qeyri-mümkün razılaşmaları pozacağını əvvəlcədən fərz etsin”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az