Əgər qəbul etsək ki, bu və ya digər təhlükəsizlik sisteminin mövcudluğu və ya ehtimal olunan formalaşması əsasən İran əleyhinə İsrail-ABŞ müharibəsinin başa çatması və qlobal status-kvonun bərqərar olması ilə şərtlənir, o halda, yəqin ki, tərəflər arasında iki həftəlik atəşkəs barədə razılaşmaya regionun əsas aktorları olan Rusiya və Türkiyənin reaksiyasını əlamətdar hesab etmək lazımdır.
Türkiyə bununla bağlı Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı ilə çıxış edib. Tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasını alqışlayan və onun hər yerdə və tam həcmdə qorunacağına ümid etdiyini bildirən rəsmi Ankara qeyd edir: “Sülhə aparan yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkündür və Türkiyənin İslamabadda keçiriləcək danışıqların uğurla başa çatması üçün bütün mümkün dəstəyi göstərməyə davam edəcəyini təsdiqləyirik”.
Rusiya Xarici İşlər Nazirliyi və ya prezident administrasiyası İran-ABŞ atəşkəsi və danışıqların başlanması barədə razılaşma ilə bağlı hələlik rəsmi mövqe bildirməyib. Yeganə reaksiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevə məxsusdur. O isə “Telegram” kanalında belə yazmaqla kifayətlənib: “Trampın on bəndlik proqramı müzakirə etməyə razılaşması faktının özü iranlıların uğurudur. Məsələ ondadır ki, Vaşinqton bunu qəbul edəcəkmi? Axı orada həm kompensasiya, həm nüvə proqramının davam etdirilməsi, həm də Hörmüz boğazı üzərində Tehranın nəzarəti var”.
Medvedevin qiymətləndirməsini ekspert baxımından daha ayıq hesab etmək olar. Lakin o, Rusiya Federasiyasının ali hakimiyyətinin nümayəndəsidir və faktiki olaraq İran-ABŞ danışıqlarının uğuruna şübhə ilə yanaşır. Niyə? Çünki bu, Ukrayna nizamlanması üçün presedent yarada bilər. Belə çıxır ki, siyasi dəstək baxımından bu gün İran üçün Türkiyə Rusiyadan daha çox müttəfiq ölkədir.
Və bu Türkiyə-Pakistan-Çin-İran düzülüşü təbii olaraq münaqişədən sonrakı dövrdə institusional xarakter ala bilər. Buna görə də Ermənistanın təhlükəsizlik seçimi barədə erməni politoloqun birmənalı qənaəti, yumşaq desək, o qədər də əsaslandırılmış deyil. Xüsusilə də Türkiyə-İsrail gərginliyinin artıq açıq reallıq olduğu şəraitdə…
Aqil Məmmədov
Ordu.az