Rusiya XİN Ermənistandakı seçkiləri və KTMT-nin rolunu şərh edib

2024/10/1729099017.jpg
Oxunub: 374     19:37     08 Aprel 2026    
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda keçiriləcək parlament seçkilərinin Moskva ilə İrəvan arasında əməkdaşlığa, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində təsirini şərh edib.

Ordu.az xəbər verir ki, sual Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatı kontekstində verilib.

Lukaşenko 2026-cı il aprelin 6-da KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüş zamanı təşkilatı Ermənistanla münasibətlərdə ehtiyatlı olmağa çağırmışdı və bunu öləkədəki daxili siyasi vəziyyət və qarşıdan gələn seçkilərlə əsaslandırmışdı.

Zaxarova bildirib ki, Rusiya-Ermənistan münasibətləri ilə bağlı məsələlər Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2026-cı il aprelin 1-də Moskvada keçirilmiş son görüşdə ətraflı müzakirə olunub. Bu görüş Ermənistan rəhbərinin işgüzar səfəri çərçivəsində baş tutub.

Onun sözlərinə görə, seçkilər kontekstində Rusiya tərəfi digər dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyini bir daha təsdiqləyib.

“Biz digər dövlətlərin daxili siyasi işlərinə qarışmırıq. Bu, bizim prinsipial mövqeyimizdir”, - deyə o vurğulayıb.

Eyni zamanda, Zaxarova Rusiya ilə Ermənistan arasındakı münasibətlərin əsrlər boyu formalaşmış xüsusiyyətinə diqqət çəkib.

O qeyd edib ki, ölkələri geniş tarixi, mədəni və sivilizasiya bağları birləşdirir. Xüsusilə, Zaxarova Rusiyanın çoxmilyonlu erməni diasporunun vətəni olduğunu və Ermənistanda Moskva ilə konstruktiv əməkdaşlığın inkişafına yönəlmiş xeyli sayda siyasi qüvvənin mövcudluğunu vurğulayıb.

“Bu, biznes layihəsi deyil, tarixi mahiyyətin bir hissəsidir, sadəcə qırıla bilməyəcək bağlardır”, - deyı Zaxarova bildirib.

Bunu nəzərə alaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya Ermənistanda baş verən siyasi proseslərə biganə qala bilməz. Lakin o qeyd edib ki, söhbət müdaxilədən yox, bütün vətəndaşların öz mövqelərini sərbəst ifadə edə bilməsi üçün maraq göstərilməsindən gedir.

O ümid etdiyini bildirib ki, Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən seçicilər seçkilərdə iştirak hüquqlarını bərabər şərtlərlə reallaşdıra biləcəklər.

“Səsvermə hüququ olan bütün Ermənistan vətəndaşlarının bunu azad və demokratik şəkildə, sivil ölkələrdə qəbul olunduğu kimi həyata keçirməsi vacibdir”, - deyə o vurğulayıb.

Bu kontekstdə Zaxarova Ermənistanın seçki qanunvericiliyində son dəyişikliklərə də diqqət çəkib. Onun sözlərinə görə, Seçki Məcəlləsinə edilən dəyişikliklər tələsik qəbul olunub və Rusiya tərəfi üçün müəyyən suallar yaradır.

Zaxarova qeyd edib ki, Moskva bu yenilikləri öyrənməyə davam edir, çünki onlar xüsusilə seçkilərdə iştirak edən siyasi qüvvələrin adlandırılması ilə bağlı ciddi məhdudiyyətlər yarada bilər.

O vurğulayıb ki, bu cür tədbirlər müxalifətin imkanlarını məhdudlaşdırmaq üçün istifadə olunmamalıdır.

“Əsas məsələ odur ki, bu, müxalifətin seçki imkanlarını qəsdən məhdudlaşdırmaq məqsədilə istifadə edilməsin”, - deyə o qeyd edib.

Zaxarova həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın daha əvvəl ölkənin demokratik prinsiplərə sadiqliyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb.

“Ermənistan demokratik ölkədir”, - deyə o, Paşinyanın sözlərini sitat gətirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Ermənistanın KTMT-də iştirakı məsələsinə də toxunub. Onun sözlərinə görə, son vaxtlar bu mövzu ətrafında çoxsaylı ziddiyyətli bəyanatlar və ehtimallar səsləndirilib.

“O qədər çox fərziyyə və müxtəlif qiymətləndirmələr var ki, bu artıq qeyri-ciddi bir şeyə bənzəməyə başlayır”, - deyə o bildirib.

Zaxarova vurğulayıb ki, hüquqi baxımdan vəziyyət dəyişməz olaraq qalır, Ermənistan KTMT-nin bütün hüquq və öhdəlikləri ilə tamhüquqlu üzvüdür.

“Çoxsaylı şifahi bəyanatlara və yanlış məlumatlara baxmayaraq, başqa qərar qəbul edilməyib”, - deyə o qeyd edib.

Sonda Zaxarova bildirib ki, Rusiya Ermənistanın təşkilatın fəaliyyətində tam iştirakını bərpa etməsində maraqlıdır.

“Biz, əlbəttə ki, Ermənistan tərəfinin birgə təhlükəsizlik sistemində tam iştirakına qayıtmasında maraqlıyıq”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaxarova  


Bizi "telegram"da izləyin