“Past”: Qazaxıstan Paşinyanın təxribatını rədd etdi

2026/04/1775636893.jpg
Oxunub: 422     17:30     09 Aprel 2026    
Qazaxıstan tərəfi hazırda Ermənistan dəmir yollarının Rusiya tərəfindən verilmiş konsessiyasının əldə edilməsi ilə bağlı danışıqlar aparmır. Bu barədə ölkənin nəqliyyat nazirliyindən bildirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Qazaxıstan Paşinyanın təxribatını rədd etdi” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva İrəvan və Astana ilə dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi məsələsini müzakirə etmir.

Müəllifin sözlərinə görə, Moskvada Paşinyan-Putin görüşündən sonra Rusiya tərəfi baş nazirin müavini Aleksey Overçukun dili ilə bəyan etmişdi ki, konsessiyanın satılması məsələsi ümumiyyətlə müzakirə olunmur və Moskva belə addıma getməyəcək.

“Artıq ötən həftə hökumət iclasından sonra Nikol Paşinyan bildirmişdi ki, bu alət Ermənistanın əlindədir, lakin onlar bu yolla getməyi və dəmir yolunun konsessiya idarəçiliyi müqaviləsini pozmağı planlaşdırmır və istəmir. Onun sözlərinə görə, Rusiya tərəfi ilə müzakirələr davam etdiyi müddətdə razılaşma və ya razılaşmama barədə danışmaq üçün uyğun məqam görmür. “Biz öz mövqelərimizi və baxışlarımızı təqdim etmişik, rusiyalı tərəfdaşların mövqelərini dinləmişik və müzakirələri davam etdirmək barədə razılaşmışıq. Bizim məsələmiz bir cümlə ilə ifadə olunur: Ermənistan bu şəraitdə öz rəqabət üstünlüklərini itirir. Bizim Rusiya ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, dostluq münasibətlərimizi yüksək qiymətləndiririk və Rusiya maraqlarına heç bir şəkildə zərər vurmaq istəmirik”, - deyə Paşinyan vurğulamışdı.

O, konsessiyanın Qazaxıstana satıla biləcəyini də təkzib etməmişdi. Astana isə faktiki olaraq Paşinyanın bu təşəbbüsünü rədd edir, hətta fərz etsək ki, danışıqlar aparılıb. Ya Qazaxıstan bu cür məsuliyyəti üzərinə götürmək istəməyib, ya da anlayıb ki, dəmir yolu onlara yalnız əlavə problemlər yaradacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Paşinyan  


Bizi "telegram"da izləyin