Rusiyalı analitik: “Ermənistan Aİ-yə can atır, üzv olacağı təqdirdə AİB-in üzvü kimi qala bilməz”

2026/04/1775626299.jpg
Oxunub: 421     19:30     09 Aprel 2026    
“Ermənistan-Rusiya münasibətləri praqmatik, qarşılıqlı maraqlara əsaslanan mərhələyə daxil olub”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Konstantin Simonov deyib.

Onun sözlərinə görə, münasibətlərdə siyasi loyallıq komponenti əhəmiyyətli dərəcədə azalıb.

“Təbii olaraq, ön plana iqtisadiyyat çıxıb, çünki İrəvan siyasi əməkdaşlığı, eləcə də təhlükəsizliyi Qərbdə axtarmağa çalışır. Bu, regiondakı reallıqlar və tərəflərin maraqlarının yenidən dəyərləndirilməsi ilə şərtlənən keyfiyyət dəyişiklikləridir. Uzun illər ərzində Ermənistan-Rusiya münasibətləri əsasən təhlükəsizlik üzərində qurulmuşdu: hərbi əməkdaşlıq, hərbi bazanın mövcudluğu, Rusiyanın əsas təhlükəsizlik təminatçısı kimi rolu. Lakin son illərin hadisələri bu modelin effektivliyi barədə təsəvvürü azaldıb, nəticədə münasibətlərin strukturunda yenidən dəyərləndirmə zərurəti yaranıb. Bu fonda iqtisadiyyat tərəflərin daha kəskin siyasi ziddiyyətlərdən yayınaraq, əməkdaşlığı qoruyub saxlaya və hətta inkişaf etdirə biləcəyi platformaya çevrilir.

Xüsusilə vacibdir ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır ki, bu da Rusiya bazarına çıxışı təmin edir, Rusiya üçün də Ermənistan həm bazar, həm də Cənubi Qafqazda iqtisadi mövcudluğunu qorumaq üçün platforma kimi regionda mühüm iqtisadi tərəfdaşdır. Bu baxımdan iqtisadi münasibətlərin dərinləşdirilməsi həm də geosiyasi məna daşıyır.

İqtisadi prioritetin vurğulanması o demək deyil ki, siyasi və ya təhlükəsizlik məsələləri tamamilə gündəlikdən çıxıb, lakin onlar ikinci plana keçib. Bu, mürəkkəb dövrdə münasibətlərin depolitizasiyası cəhdi kimi şərh oluna bilər, tərəflər daha real və effektiv əməkdaşlıq sahələrinə fokuslanırlar”, - deyə Simonov bildirib.

Onun fikrincə, buna görə də təsadüfi deyil ki, Ermənistan-Rusiya münasibətləri ilə daha çox Rusiya Federasiyasının baş nazirinin müavini məşğul olur, Avrasiya İqtisadi Birliyi, iqtisadiyyat, biznes və s. məsələlərə toxunur.

Simonovun qiymətləndirməsinə görə, Ermənistan-Rusiya münasibətlərində iqtisadiyyatın prioritetinin artırılması yalnız situativ addım deyil, həm də yeni reallıqların nəticəsidir, dəyişən geosiyasi mühitdə strateji əlaqəni onu daha praqmatik və hesablanmış müstəviyə keçirməklə qorumaq cəhdidir.

“Lakin bu prosesin sabitliyi və effektivliyi tərəflərin iqtisadi maraqları təhlükəsizlik və siyasi ziddiyyətlərlə nə dərəcədə uzlaşdıra biləcəyindən asılı olacaq. Eyni zamanda, Rusiyanın öz təsirini qorumaq istəyi də nəzərə çarpır. Lakin qaz qiyməti və Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyinin uyğunlaşdırılmasının mümkün olmaması ilə bağlı səsləndirilən fikirlər mənfi bəyanat kimi qəbul edilməməlidir, hesab edirəm ki, bu bəyanatlar Ermənistanın üstünlüklərinin Avrasiya İqtisadi Birliyində olduğunu göstərmək məqsədi daşıyır, halbuki Ermənistan Avropa İttifaqına can atır və ona üzv olacağı təqdirdə Avrasiya İqtisadi Birliyinin üzvü kimi qala bilməz və hazırda əldə etdiyi üstünlükləri əldə edə bilməz. Bu, açıq söhbətdir, düşünürəm ki, bu, təbiidir, çünki söhbət insanların həyat keyfiyyətindən gedir”, - deyə Simonov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin